Niderland taxt-tacının varisi şahzadə Amaliya və Baş nazir Mark Rütteni öldürməyi planlaşdıran məşhur narkobaron İspaniyada məhkəmə prosesində qarışıqlıq səbəbindən cəzadan yayınıb.
“Mocro Maffia”nın lideri Kərim Buyahriçan 2023-cü ilin yanvarında Marbelyada böyük bir xüsusi əməliyyat zamanı saxlanılaraq çirkli pulların yuyulması ilə bağlı beş il müddətinə həbs edilib.
Onun saxlanmasından xəbər tutan Niderland hakimiyyəti onun ölkəyə ekstradisiyası üçün müraciət edib. Buyahriçan, həmçinin, narkotik alverində də ittiham olunub.
Madriddəki Milli Məhkəmə Niderlandın tələbinə müsbət cavab verib, lakin Malaqa Əyalət Məhkəməsi narkotik baronunun başqa yerə ekstradisiya edilməzdən əvvəl İspaniyada çirkli pulların yuyulmasına görə cəzalandırılmalı olduğunu iddia edərək, tələbəi yerinə yetirmək istəməyib.
Niderland səlahiyyətliləri Buyahriçanın narkotik mafiyasının başçısı olduğuna və Belçikada onlarla insanın öldürüldüyü 10 illik narkotik müharibəsində iştirak etdiyinə görə İnterpol və Niderland hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyinə işarə edərək, apellyasiya şikayəti verib.
Keçən ay Buyahriçanın çirkli pulların yuyulması ilə bağlı işinə Malaqa Əyalət Məhkəməsində baxılıb və sədrlik edən hakim müttəhimi 50 min avro girov müqabilində azadlığa buraxıb. Milyarder Buyahriçan girovu nağd şəkildə ödəyib və qaçıb.
Qeyd olunur ki, 2022-ci ildə Niderland şahzadəsi Amaliya polisə Buyahriçanın onu ya qaçırmaq, ya da öldürmək niyyətində olduğuna dair sübutlar əldə etməsi səbəbindən tələbə yataqxanasını tərk edib kral sarayına qayıtmağa məcbur olub.