“Azad olunmuş rayonlara qayıdacaq şəxslər üçün kooperasiya haqqında məlumatlandırma” layihəsi çərçivəsində Mingəçevir şəhərində tədbir keçirmişdirbackend

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Azad olunmuş rayonlara qayıdacaq şəxslər üçün kooperasiya haqqında məlumatlandırma” layihəsi çərçivəsində Mingəçevir şəhərində tədbir keçirmişdir. Tədbirdə Mingəçevir şəhərində məskunlaşmış, azad olunmuş Qarabağ və şərqi Zəngəzur bölgələrinə yaxın zamanlarda qayıtmağa hazırlaşan məcburi köçkünlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin İdarə heyətinin üzvü, hüquqşünas Aydın Kərimov Azərbaycan dövlətinin işğaldan azad olunmuş bölgələrin qurulması və inkişafı ilə bağlı həyata keçirdiyi uğurlu siyasətdən, yaradılan infrastrukturlardan, “Ağıllı kənd” və “Ağıllı şəhər” proqramları haqda məlumat vermişdir. O, bu regionda kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, yeni iş yerlərin yaradılması, əmək məhsuldarlığının artırılması sahəsində dünya təcrübəsində geniş tətbiq edilən kooperasiyaların rolu haqda əhalinin məlumatlandırılmasını vacib hesab etmiş, bu sahədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin rolunu xüsusi qeyd etmişdir.
“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri, Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor İrşad Kərimov dünyada kooperativ hərəkatının tarixi və inkişafı haqqında, eləcə də, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd rayonlarında yeni iş yerlərinin yaradılmasında kooperativlərin rolu və yeri haqqında danışmışdır. O, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, möhtərəm Prezidentimizin ortaya qoyduğu siyası iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. Professor İ.Kərimov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir. O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir.
O, ölkəmizdə kooperasiyaların inkişafı üçün AR Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini və “Kənd təsərrüfatı kooperasiyası haqqında ” AR Qanununun qəbul edilməsini bu sahədə atılan ciddi addımlar hesab etmiş, Qanunun tətbiq edilməsi və Proqramın həyata keçirilməsi üçün konkret mexanizmlər haqda geniş məlumat vermişdir.
İştirakçıların çoxsaylı suallarına cavab verən hüquqşünas A.Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və effektli fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahədə kiçik kəndli-fermer təsərrüfatlarının iriləşdirilməsi yolu ilə uğurlu, stabil və davamlı fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin rolunu qeyd etmişdir. Qəbul olunan Proqram və Qanun bu sahədə fəaliyyətlərin genişləndirilməsinə təkan verəcəyini bildirmiş, bu yöndə yerli fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin vəzifələrindən danışmışdır.
İnteraktiv şəkildə keçirilən təlimdə kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir.
Qaçqınlar və məcburi kökçünlərlə iş üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə nümayəndəsi, Ağdamdan olan məcburi kökçün Bəxtiyar Şirinov tədbirin keçirilməsini müsbət hal hesab etmiş, onun kənd təsərrüfatı ilə məşğul olan şəxslər üçün əhəmiyyətini qeyd etmişdir.
Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyətinin məsləhətçisi Həmid Hüseynov cəmiyyətlərinin kooperativlərin yaranması və inkişafı ilə bağlı regionda həyata keçirdiyi tədbirlər haqında məlumat vermişdir. O, kənd təsərrüfat mütəxəssislərini, fermerləri,bələdiyyə üzvlərini birgə fəaliyyət üçün əməkdaşlığa çağırmışdır.
Məcburi kökçünlər Mayıl Həsənov və Zakir Mehdiyev tədbiri əhəmiyyətli hesab etmiş, bu cür maarifləndirici tədbirlərin ardıcıl keçirilməsini təklif etmişlər.
Sonda iştirakçılar arasında sorğu keçirilmiş, onlara öz fəaliyyətlərində zəruri olan normativ və metodiki vəsaitlər paylanmışdır.