Müşfiq Səfərov: Bu gün Azərbaycanda idman uğurla inkişaf edirbackend

Məlumdur ki, 2003-cü ildə keçirilən Prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı. Belə ki, dövlət Başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Sevindirici bir haldır ki, respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artır. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman strukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Heç kimə sirr deyil ki, artıq bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu barədə cənab Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq Federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

Bildiyimiz kimi, idmançılarımız uzun illərdir Azərbaycanı dünyada təbliğ edir və onlar artıq bu gün beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də, dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir eynilik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, nüfuzlu beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Müşfiq Səfərov