Azərbaycan Avropa İttifaqının enerji sahəsində strateji tərəfdaşıdırbackend

Azərbaycan dövlətinin xarici siyasətində dünya ölkələri, beynəlxalq təşkilatlarla əlaqələr əsas prioritet istiqamətlərdən biridir. Xüsusilə, beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıq mövcuddur. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu gün Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsindədir. Bu günlərdə “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bu əlaqələrin yüksələn xətlə inkişafına söykənir. Prezident İlham Əliyevin Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumunu gələcək əməkdaşlığın yol xəritəsi adlandırması da əbəs deyil. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bu gün Azərbaycan Avropa İttifaqının bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur.

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxışında dövlət başçımız enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu bildirib: “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var”.
Vurğulamaq yerinə düşər ki, 2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəd ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Bu sənədin imzalanması bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək istəyir.
Cənab Prezident bildirdiyi kimi, “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır”.
Müasir dünyamızda enerji təhlükəsizliyi vacib məsələlərdəndir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq öz nəticələrini verir. Anlaşma Memorandumu əsasında Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artacaqdır. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Xüsusi olaraq qeyd edək ki, ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatçıdır.
Avropa İttifaqı ilə Azərbaycan enerji münasibətlərinə dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfələr verəcəkdir. “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq” – deyən Azərbaycan Prezidenti bildirib ki, ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir: “Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var.”
Avropa İttifaqı və Azərbaycan arasında münasibələr yüksələn xəttlə inkişafdadır Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan Prezidenti İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, layihələr, islahatlar diqqətdən kəarda qalmır. Azərbaycan böyük inkişaf yolundadır.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini