Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdırbackend

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən ətraflı bəhs edərək, diqqəti bölgədə yaranmış yeni reallıqlara yönəltdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi.

2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətindəki təxribatı, avqustda Goranboydakı diversiya cəhdi bu ölkənin işğalçı siyasət yürütdüyünü bir daha təsdiqləyən hadisələr oldu. Bu ölkənin beynəlxalq cinayətə yol verərək Livan ermənilərini o zaman işğal altında olan Qarabağ və ətraf rayonlara yerləşdirməsi, cəbhə xəttində hərbi fəallığını artırması, könüllü hərbi birliklər yaratması kimi hərəkətləri danışıqlar prosesini tamamilə mənasız etmişdi. Ötən il sentyabrın 24-də dövlət başçısı BMT Baş Assambleyasının 75-ci sessiyanın ümumi debatlarında diqqəti buna çəkərək bildirmişdir ki: “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır”.

Bundan cəmi üç gün sonra – sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.

Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid – şəhərlərə qarşı genosid və kultursid – mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.

Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini