Azərbaycan millisinin heyətində koronavirusa KÜTLƏVİ YOLUXMAbackend

Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə Qran Pri yarışı öncəsi millimiz pis vəziyyətlə üzləşib.

Oxu.Az Portuqaliyanın məşhur idman qəzeti olan “A Bola”ya istinadən xəbər verir ki, Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Məlumatda Azərbaycan nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlandığı, 9 nəfərin isə peyvənd olunmadığı bildirilir.

Azərbaycan Cüdo Federasiyası bununla bağlı yaxın dəqiqələrdə məlumat yayacağını bəyan edib.

Qeyd edək ki, 28-30 yanvar tarixlərində keçiriləcək yarışda Uşanqi Kokauri istisna olmaqla, cüdo millimizin ehtiyat heyəti yarışa yollanıb. Həmin 13 idmançı kişilərdə Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov (-66 kq), Zaməddin Poladov (-73 kq), Zelim Skayev (-81 kq), Rüfət İsmayılov (-90 kq), Adil Kərimli (-100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq), qadınlarda Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq) və Səbinə Əliyevadır (-52 kq).