Azərbaycan nəqliyyat bazarında ciddi aktora çevrilib ŞƏRHbackend

Azərbaycanın dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevrilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü olan Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür. Bu gün ziddiyyətlərlə zəngin olan bir zamanda Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda ölkəmiz daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Ötən 19 ildə dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra reallaşan layihələr, islahatlar işğaldan azad olunan ərazilərimizin dirçəldilməsində əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmış və Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirib. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanda həyata keçirilən kompleks islahatları, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyatı ifadə etməklə yanaşı, ölkəmizin gələcək inkşafı, işğadan azad olunan ərazilərdə aparılın abadlıq-quruculuq işlərini bir daha sərgiləmiş oldu. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmış və Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələrini daha da genişləndirib. Dövlət başçısı müsahibəsində “İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik”, – deyə bildirib. Dövlət başçısı qeyd edib ki, dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib: “Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik”.

Reallıqlara əsaslanan və gələcəyə istiqamətlənmiş islahatların, irimiqyaslı layihələrin hər biri sülh və təhlükəsizliyin təmin olduğu ölkəmizdə uğurla icra olunur. Təhlükəsizlik və iqtisadi potensialın mövcudluğu irimiqyaslı layihələrin icrasında əhəmiyyətli amildir. Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslərin müəllifidir. Odur ki, bu gün beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş olaraq tanınır. “Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır”, deyə Prezident bildirib.

Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycan yola saldığımız 2022-ci ildə nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəltdi. “Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır”, – deyən Prezident ölkəmizin bu sahəyə uzun illərdir ki, böyük vəsait, sərmayə qoyulduğunu qeyd edib. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb: “Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir”. Bu baxımdan, Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək, Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan Azərbaycan üçün də böyük mahiyyət kəsb edir. “Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq”,- deyə Prezident bildirib.

Sözsüz ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsinə çevrilməlidir. “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir”, – deyən Prezident bu layihənin reallaşmasının bizim təbii hüququmuz olduğunu diqqətə çatdırıb. “Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”. Əlbəttə ki, Cənab Prezidentin müsahibəsi bir çox ciddi mesajlarla zəngindir. Heç şübhəsiz ki, 2023-cü il də Azərbaycan üçün uğurlu və tarixi hadisələrlə zəngin bir il olacaqdır.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri