Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirmək və möhkəmləndirmək üçün tarixi şərait əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni siyasi kursun formalaşdırılması və həyata keçirilməsi prioritet məsələ kimi qarşıda dururdu.
1993-cü ilin II yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən ən əsası dünya birliyinə inteqrasiya məsələsi idi. Bunun üçün Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaq lazım idi.
Diplomatik mübarizə ilə beynəlxalq səviyyədə Azərbaycanın haqq mübarizəsinin çatdırılması və bu istiqamətdə qəbul olunmuş bir sıra qərarların, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi xarici siyasətimizin başlıca prioritet istiqaməti kimi müəyyənləşdirildi. Ulu öndərimizin də qeyd etdiyi kimi bununla bağlı əsas hədəflərimiz Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi idi. Ulu öndər tərəfindən əsası qoyulan və bu günə kimi uğurla davam etdirilən, heç bir hərbi-siyasi bloka qoşulmama siyasəti Azərbaycanın bugünkü yüksək beynəlxalq istiqamətinin əldə olunmasında başlıca şərtlərdən birini təmin etmiş oldu.
Xüsusilə də regionda Cənubi Qafqazda ciddi maraqları toqquşan Rusiya və Qərb qüvvələri arasında balanslı siyasətin təmin edilməsi, tərəflərdən hər hansı birinin mövqeyinə üstünlüyün verilməməsi, Azərbaycanı etibarlı və müstəqil xarici siyasətə malik tərəfdaş kimi tanıtdı. Eyni zamanda, Azərbaycanın üzləşdiyi ərazi işğalı faktı və dövlət müstəqilliyimizin davamlılığının təmin edilməsi ilə bağlı beynəlxalq və regional təşkilatlarla da qarşılıqlı inam və etibara əsaslanan siyasət qurmağa başladı. Bunun nəticəsidir ki, qısa müddət ərzində Azərbaycan dünyanın əksər regional və beynəlxalq təşkilatlarının bərabərhüquqlu üzvünə və müşahidəçi qismində iştirakçısına çevrildi. Həmin təşkilatların Cənubi Qafqazla bağlı, Azərbaycanla, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir çox obyektiv qərarların verilməsinə nail olundu. Avropa Birliyi, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı eyni zamanda MDB və digər bir çox təşkilatlarda Azərbaycanın haqq səsinə dəstək olan qərarların qəbul olunmasına nail olundu. Amma Azərbaycan hər zaman bəyan edib ki, heç bir halda beynəlxalq hüququn prinsiplərinə zidd olan və ərazilərimizdə hər hansı bir hərbi birliyin və ya silahlı birləşmələrin yerləşməsinə istiqmətlənmiş siyasət yürütməyəcək, eyni zamanda Azərbaycan davamlı şəkildə öz ərazilərində hansısa üçüncü dövlətə qarşı istifadə olunmasına- plastarıma çevrilməsinə icazə verməyib və verməyəcək.
Xüsusilə Qərb qüvvələri tərəfindən – Amerika başda olmaqla, Qərbi Avropa müttəfiqləri tərəfindən cənub qonşumuz İrana və şimal qonşumuz Rusiyaya qarşı zaman-zaman tətbiq edilən müxtəlif istiqamətli sanksiyaları və müəyyən dövrlərdə çox kəskin şəkildə aktuallaşan açıq müharibə faktlarını qeyd etmək yerinə düşər. Həmin gərgin dövrlərdə belə Azərbaycan öz ərazilərimizdən qonşularına qarşı istifadə olunmasına birmənalı şəkildə icazə verməyibdir. Bu, Azərbaycan dövlətinin beynəlxalq imicinin və nüfuzunun güclənməsində çox ciddi faktorlarlardan birinə çevrilibdir.
Eyni zamanda Azərbaycan beynəlxalq, regional təşkilatlarda hər zaman haqqın yanında olduğunu nümayiş etdirib, bir çox hallarda dünyanın müxtəlif bölgələrində haqsızlıqla üzləşən dövlətlərin maraqlarının və hüquqlarının təmin olunması istiqamətində qərarların qəbul edilməsində aktiv iştirakçı olub.
Azərbaycan geniş karbohidrogen ehtiyatlarına malik bir dövlət olduğu üçün xüsusilə son illər Avropanın enerji təhlükəsizliyində çox mühüm rol alan tərəflərdən birinə çevrilibdir.
Məhz Azərbaycanın təşəbbüsü və ciddi maliyyə dəstəyi ilə prezident İlham Əliyevin birbaşa şəxsi iradəsi hesabına reallaşan TANAP və TAP layihələri, Cənub Qaz layihəsi, Bakı-Tbilisi-Ceyhan layihəsi vasitəsilə Azərbaycanın neft-qaz məhsulları dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan özünün enerji məhsulları satışı siyasətini diverfikasiya etməklə yanaşı həm də, Avropanın enerji təhlükəsizliyində də mühüm enerji tərəfdaşlarından birinə çevrilmiş oldu. Bu faktlar Azrbaycanın dünya səviyyəsində Avropa ölkələri sırasında etibarlı və güclü tərəfdaşlardan birinə çevrilməsinə gətirib çıxardı.
2020 -ci ildə Azərbaycan Vətən müharibəsi ilə əldə etdiyi çox böyük tarixi qələbədən sonra regionumuzdan keçən bir çox layihələrin, məhz əsas mərkəzlərindən birinə çevrildiyini qeyd etmək yerinə düşər. Xüsusilə loqistik layihələr baxımından Azərbaycanın rolu durmadan artmaqdadır. Azərbaycan şərq-qərb və şimal – cənub dəhlizlərinin əsas ötürücü qüvvəsinə çevrilib. 10 noyabr 2020-ci il Bəyanatında öz əksini tapan Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanın bu istiqmətdə nüfuzu daha da artacaq və genişlənəcək. Bütün bunlar, həyata keçirilən uğurlu siyasət, beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvünə çevrilmək istiqamətində ardıcıl fəaliyyət onu deməyə əsas verir ki, Azərbaycan Prezindetinin rəhbərliyi altında Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət öz əhəmiyyətli, ciddi bəhrəsini veribdir. Bu bəhrə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin, sərhəd bütövlüyünün təmin olunmasında Azərbaycanın sürətli sosial, siyasi və iqtisadi inkişafında və Azərbaycanın bütün dünya dövlətləri tərəfindən etibarlı və güclü dövlət kimi qəbul olunmasında əks olunur. Bütün bunlar Azərbaycanın dövlət müstəqilliyinin qısa tarixi dövrü ərzində uğurlu fəaliyyətinin böyük nəticələri kimi qiymətləndirilə bilər.
Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir.
Sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: “Mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.
Sevinc Rəsulova,
Bakı Şəhər Təhsil idarəsində Ümumi sektor müdiri
