Əhalinin yüksələn rafahı – yeni sosial paketlər ŞƏRHbackend

Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə son 19 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində yaşadığımız zaman üçün bir çox vacib məqamlara toxunaraq, proqram xarakterli fikirlərində yola saldığımız ötən ildə qazandığımız nailiyyətlərə nəzər salmaqla yanaşı, eyni zamanda, ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqini də vurğulamışdır. Bütün sahələri əhatə edən bu müsahibəsində Cənab Prezident islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirmişdir. Ötən il – 2022-ci il Azərbaycanda əhalinin maddi rifah halının gücləndirilməsi istiqamətində addımlar atıldı, irihəcmli sosial paketlər tətbiq edildi. Əlbəttə ki, dünyada yüksək qiymət artımı və inflyasiyanın müşahidə olunması Azərbaycana da təsirsiz ötüşmür. Bu təsirlərin azaldılması istiqamətində, xüsusilə də aztəminatlı əhalinin sosial rifah halının gücləndirilməsi, onlara dəstək verilməsi istiqamətində ciddi addımlar atılıb. “İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib”, – deyə Cənab İlham Əliyev müsahibəsində bildirib ki, hətta inkişaf etmiş Qərb ölkələrində, orada adətən, inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir: “Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”. Sosial rifahın yüksəldilməsi üçün dövlətimiz tərəfindən praktiki addımlar atılır. “Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq” – deyə Prezident bildirib.

Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Bu və ya digər amillər planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir.

Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir.

Yeni ilin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı dövlətin yeni sosial paketinin işə başladığını təsdiqləyir. İmzalanan Sənəd bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir.

“Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır”- deyən Prezident əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verildiyini bildirib: “Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılmışdır. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq”. Dövlət başçısı müasihəbəsində şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlı fikirlərini ifadə edərkən keçən il bu istiqamətdə də önəmli addımlar atıldığını bildirib: “Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.

Qeyd etdiyimiz Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncama əsasən, minimum əməkhaqqı 345 manata çatdırıldı və Vahid Tarif Cədvəli üzrə əməkhaqları artırıldı. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Qeyd edək ki, son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə, bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir.

Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Müasir, modern dövlət olaraq tanınan ölkəmiz Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdırır, innovativ inkişafa yol açan dövlətə çevrilib. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini