Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanan tarixi əhəmiyyətli “Moskva Bəyannaməsi” mühüm əhəmiyyət kəsb edir – Fuad Heydərbackend

Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur və ölkəmiz Ermənistan istisna digər bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Sözsüz ki, 22 fevral 2022-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanan tarixi əhəmiyyətli “Moskva Bəyannaməsi” də bu qəbildən mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyannamə regionda və ölkəmizdə mühüm əhəmiyyət təşkil etməklə yanaşı, hər iki ölkənin müxtəlif sahələrində öz bəhrəsini göstərəcəkdir.

Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək görərik ki, son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər. Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər, imzalanan sənədlər də öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, “Moskva Bəyannaməsi”nin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər.

Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti rəsmən təsbit edir.

Onu da əlavə edim ki, 2021-ci ildə Türkiyə ilə Şuşa Bəyannaməsinin, ötən gün isə Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.

Bütün bunlar onu göstərir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Xüsusilə indiki dövrdə bu kursu davam etdirmək nə qədər çətin olsa da, ölkəmizin təhlükəsizliyi baxımından olduqca vacibdir və cənab İlham Əliyev də bu ağır və məsuliyyətli işi layiqincə yerinə yetirir.

 

Fuad Heydər

YAP Səbail rayon təşkilatının əməkdaşı.