“Moskva bəyannaməsi” Azərbaycan və Rusiya arasında əlaqələri yeni mərhələyə daşıyırbackend

22 fevral 2022-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bu tarixi hadisə ilə Azərbaycan-Rusiya əlaqələri tam yeni mərhələyə qədəm qoymaqla yanaşı, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm təsirlərini göstərəcəkdir. Özündə bir çox sahələri cəmləşdirən tarixi bəyannamə ilə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə tərəfdaşlıqlar daha da genişləndiriləcək, istər Azərbaycandan Rusiyaya, istərsə də Rusiyadan Azərbaycana idxal-ixrac səviyyəsinin, ticarət dövriyyəsinin artımına şərait yaradacaqdır. O cümlədən, Azərbaycan Rusiyanın müasir hərbi avadanlıqları, ən yeni silah-sursatlarını almaqla ölkəmizin hərbi sahədə maddi-texniki vəziyyətini daha da gücləndirəcəkdir.
Xüsusilə qeyd etməliyəm ki, 2020-ci ildə Ermənistan üzərində qazanılan parlaq qələbə, 30 ilə yaxın müddət ərzində işğalda olan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilməsi ilə Azərbaycan istər regionda, istərsə də dünyada yeni reallıqlar yaratdı, regionda aparıcı dövlətlərdən biri olduğunu bir daha əyani şəkildə sübut etdi. Postmüharibə dönəmində ölkə başçısının da ən ali məqsədlərindən biri də, regionda davamlı sülhün təmin olunması, işğaldan azad olunan ərazilərə əhalinin ora qayıtmasıdır. Bugün ölkə başçısının diqqət və qayğısı, qəbul edilən və təsdiqlənən müvafiq qərarlarla hər iki istiqamətdə işlər sürətli şəkildə həyata keçirilməkdə davam edir. Sözsüz ki, Azərbaycan bir daha bu hadisələrlə qarşılaşmamaq üçün müvafiq fəaliyyətini yerinə yetirir. Hər zaman humanizm prinsiplərinə sadiqlik göstərən dövlət başçımız çıxışlarında Azərbaycanın sülhsevər, multikulturalist ölkə olduğunu bildirərək, regionda da sülh və təhlükəsizliyin təminatı üçün müvafiq tədbirlərin gördüyünü bildirir, mehriban qonşuluq modelini təklif edir.
Bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan unikal və neytral diplomatiya fəaliyyəti göstərir. Hazırda ölkəmiz demək olar ki, dünyanın bir çox dövlətləri ilə müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli tərəfdaşlıqlar edir.
2021-ci ildə Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında bağlanan “Şuşa Bəyannaməsi”, dünən isə imzalanan “Moskva Bəyannaməsi” bir daha sübut edir ki, Azərbaycan regionda və dünyada öz sözünü deməkdə olan iki nəhəng dövlətlərlə əlaqəsini tam yeni və möhtəşəm mərhələyə çatdırır. Unudulmamalıdır ki, Azərbaycan qalib ölkədir və regionda baş verəcək hadisələrə birbaşa mövqeyini sərgiləyə bilər, ehtiyac olacağı təqdirdə tədbirlər görə bilər. Qalib ölkənin başçısı kimi İlham Əliyevin imzası ilə təsdiqlənən bəyannamə ilə ətraflı tanış olmaq kifayət edir ki, bu bəyannamənin istər ölkəmiz, istərsə də region üçün necə əhəmiyyətli olduğunu görəsən. Başqa sözlə, “Moskva bəyannaməsi Azərbaycan və Rusiya arasında əlaqələri yeni mərhələyə daşıyır.
Bu bir daha İlham Əliyev və dövlətimizin növbəti siyasi, diplomatik qələbəsinin əyani sübutudur.

Muxtar Nağıyev
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri.