Azərbaycan yazıçısı ABŞ-da beynəlxalq müsabiqənin qalibi oldu – FOTObackend

Azərbaycanlı yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazanıb.

İctimai.az-ın məlumatına görə, “Readers Favorite” dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlardan biridir.

Bu müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95000 dollar), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır.

Müsabiqədə dünyanın hər yerindən minlərlə əsər iştirak edir. Kitab “Readers Favorite” müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir.

Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya – estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu üzrə dəyərləndirmə aparılır.

Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.

Məlumat üçün qeyd edək ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə, medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır.

“Readers Favorite”in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq yüksək nəticədir.

Nəticələr ABŞ-ın nəhəng beynəlxalq nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi press-reliz vasitəsilə blogerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 500 minə yaxın abunəçiyə çatdırılır.

“Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 min kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Lakin pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ildə baş tutacaq.

Rövşən Abdullaoğlu da qalib olaraq həmin tədbirə dəvət edilib.

Xatırladaq ki, Rövşən Abdullaoğlunun hazırda dörd əsəri ingilis, rus, türk dillərinə tərcümə olunub və digərləri də tərcümə olunmaqdadır. Bu kitablardan “Relslər üzərinə uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də ABŞ-ın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.

İctimai.az