“Azərbaycan liderinin qətiyyətli çıxışları xalqın ona olan güvən və dəstəyindən qaynaqlanır” – Tamerlan Əkbərovbackend

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər bütün dünyaya ciddi siyasi mesaj oldu. Bundan əvvəl də cənab Prezident keçirdiyi bütün görüşlərdə, etdiyi bütün çıxışlarda ölkəmizin, dövlətimizin milli maraqlarını ən ön cərgəyə çəkmişdir. Ölkə rəhbəri dünənki görüşdə də yenə öz ənənəsinə sadiq qalaraq açıq şəkildə yunan səfirə bildirdi ki, “Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır”. Ardıyca dövlət başçısının qardaş Türkiyəyə dəstəklə bağlı söylədiyi: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik” – fikirlər bir daha Azərbaycan liderinin qardaş Türkiyəyə olan sadiq münasibətini sərgilədi. Görünən odur ki, bütün region ölkələri, eləcə də dünya bilməlidir ki, Azərbaycanla Türkiyəni sarsılmaz bağlar bir-birinə bağlayır. Ötən Tovuz döyüşlərində Türkiyənin Azərbaycana birmənalı dəstək göstərməsi və Azərbaycanın Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi bir daha bunun məntiqi göstəricisidir. Cənab Prezidentin dünənki çıxışı, eyni zamanda qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib. Məşhur televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar. Bu reportajlarda iki ölkənin dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən kadrlar nümayiş olunub. Həmçinin, sosial şəbəkələr üzərindən Türkiyənin yüksək səviyyəli rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər.

İctimai.az