Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə ilə əlaqədar qurumun tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb ediliblər.
Qəzada xəsarət alan üçü uşaq olmaqla doqquz nəfər saat 13:45-də TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.
Xəsarət alan bir qadının vəziyyəti ağır, uşaqların (iki qız, bir oğlan olmaqla) və beş kişinin vəziyyəti isə stabildir.