Xızı rayonu, Tıxlı kənd orta məktəbində qadın müəllimi döyən keçmiş şagirdinə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, hadisəni 2003-cü il tarixdə Xızı rayonu, Tıxlı kəndində doğulmuş Nemət Məmmədov (ad-soyad şərtidir) törədib.
Hərbi xidmətdən yeni qayıdan Nemət sözügedən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Gülşən adlı müəllimi döyüb. Nemət məktəbi bitirdiyi vaxt həmin müəllim ona “3” yazıb. O, əsgərlikdən qayıtdıqdan sonra müəllimdən qisas almaq qərarına gəlib. Nemət məktəbə gedərək, Gülşən müəllimi idman zalına çağırıb və ağzından tutaraq onu boğmağa çalışıb. Bu zaman müəllim ona müqavimət göstərə bilib.
“Nemətin əlindən çıxmağa çalışırdım, lakin otaq içəridə olduğundan qışqırıq səsi eşidilmirdi. Sonra əlimi yerə çırpıb və bacardığım qədər bərk qışqırmağa çalışdım”, – deyə Gülşən müəllim bildirib.
Şagird və müəllim heyəti hadisə yerinə gələndən sonra Nemət məktəbin pəncərəsindən qaça bilib.
Məhkəmədə Nemət bildirib ki, Gülşən müəllim ona dərs keçdiyi müddətdə qiymətini kəsərək, “3” verib. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra niyə ona “3” yazdığını aydınlaşdırmaq üçün 5 iyun 2023-cü il tarixdə məktəbə gedib və hadisəni törədib.
Məhkəmənin qərarı ilə Nemət Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisəyə görə dərin psixoloji sarsıntı keçirən Gülşən müəllim 7 il fəaliyyət göstərdiyi məktəbdən ayrılıb.