Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıbbackend

Son illər Azərbaycanda internet infrastrukturunun inkişafı nəticəsində şəbəkənin keyfiyyəti və sürəti əhəmiyyətli dərəcədə artıb, orta göstəricilər 150–200 Mbit/s səviyyəsinə yüksəlib.

Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə ölkədə genişzolaqlı internetə çıxış səviyyəsi xeyli yüksəlib, sürət artımı 8 dəfə, fiber sahədə artım 13 dəfə çoxalıb.

“Regionlarda da keyfiyyətli bağlantının təmin olunması istiqamətində ardıcıl işlər aparılır. İnternetin keyfiyyətinin qiymətləndirilməsi yalnız sürət göstəriciləri ilə məhdudlaşmır – gecikmə (latency), sabitlik və eyni vaxtda çoxsaylı cihazların şəbəkəyə qoşulması kimi parametrlər də həlledici rol oynayır. Rəqəmsallaşmanın sürətlənməsi, ev təsərrüfatlarında internetə qoşulan cihazların sayının artması və onlayn xidmətlərə tələbatın yüksəlməsi şəbəkə üzərində yükü artırır. Buna görə də İKTA internetin keyfiyyətinin tənzimlənməsi, provayderlər üzrə göstəricilərin monitorinqi və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində tədbirləri gücləndirib”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.

İKTA rəhbəri əlavə edib ki, vətəndaşlar internet xidmətlərinin keyfiyyəti ilə bağlı rəsmi platformalar üzərindən müraciət edərək problemlərin həllini izləyə bilirlər.