Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıbbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılmasına dair Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri şuranın sədri, daxili işlər, müdafiə, səhiyyə nazirlərinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Ali Məhkəmə sədrinin, Baş prokurorun və Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavinləri isə üzvləri təyin olunublar.

Bundan başqa, Şuraya müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə, vahid informasiya sisteminin yaradılması və digər məsələlərə dair təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Şuraya fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiqləmək, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etmək barədə tapşırıq verilib.

Nazirlər Kabinetinə isə Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.