Azərbaycanın böyük mütəfəkkiri Heydər Əliyevin vətən sevgisibackend

Hər bir xalqa, hər bir dövlətə öz ətrafında güclü siyasəti, elmi fəaliyyəti, iqtisadi gücü, inkişafı və vətən sevgisi yaradan, xalqını böyük qələbələrə, uğurlara ruhlandıra bilən lider lazımdır. Məhz ümummilli liderimiz əsas, həlledici tarixi mərhələlərdə vətənə xüsusi ehtiyacı olan – ağıllı və güclü, xalqını, millətini bəlalardan xilas edib, onu yeni nailiyyətlərə yönəltməyə qadir şəxsiyyətdir. Heydər Əliyevin siyasi əqidəsini və  məqsədini yəqin ki, ümumi xarakterizə etmək  çox az olar. Qeyd etməliyik ki, hər birimiz öz vətənimizi, xalqımızı sevirik. Amma Heydər Əliyev vətənini, xalqını özünəməxsus şəkildə sevirdi. O, bütün müdrikliyini, enerjisini, iradəsini, inamını, sevgisini doğma ölkəsinə- Azərbaycana sanki ürəyi, düşüncəsi, ruhu ilə bağlamışdır. O, xalqının qədim tarixinə, mədəniyyətinə, iqtisadiyyatına arxalanaraq ölkəsinin taleyini yüksəklərə qaldırdı. Böyük mütəfəkkir Heydər Əliyevin siyasəti Azərbaycan tarixində və bütün dünyada dərin iz qoyub.

Heydər Əliyev, siyasi fəaliyyəti ilə yanaşı eyni zamanda, xalqının, vətəninin qarşısında daima böyük məsuliyyət hiss edən, ən çətin günlərində xalqının yanında olan müdrik dahidir. Heydər Əliyev Azərbaycan Respublikasının yeniləşməsi üçün bütün sahələrdə islahatlar apararaq beynəlxalq aləmdə istiqamətini müəyyən etdi. XX əsrin sonlarını tarixi dövrümüzün inkişafında və quruculuqda dönüş nöqtəsi mərhələsi kimi qeyd etmək olar. Həm də bu tarixi bizə yaşadan Azərbaycan Respublikasının dövlət quruculuğuna yüksək sevgisini nümayiş etdirən xalqın unudulmaz oğlu ulu öndər Heydər Əliyev idi. Onun adı xalqımızın tarixi inkişafının, mənəvi irsinin sonsuzluğunun əsl simvoluna çevrilmişdir.

Heydər Əliyev kimi şəxsiyyət haqqında həqiqətləri, özünəməxsus keyfiyyətləri qeyd etsək o, – siyasi, tarixi təcrübəyə, strateji və mütəfəkkir müdrikliyə malik olan, elmə, ədəbiyyata, mədəniyyətə, təhsilə xüsusi diqqət və qayğısını göstərən bir fenomendir. Əsl vətənpərvər olan Heydər Əliyev xalqına məhəbbət, sevgi, humanizm, yüksək mənəviyyat və mədəniyyət nümunəsi kimi bütün həyat fəaliyyəti yüksək vətənpərvərlik təcəssümü idi. O, insani və peşəkar keyfiyyətlərinə görə qeyri-adi vətəndaş, xalqının layiqli nümayəndəsi, Böyük Azərbaycanlı idi.

Dahi Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərini  təsvir etsək bu yalnız qeyd etdiklərimizin kiçik bir hissəsi olar. O, ömrünü Azərbaycan dövlətinə həsr etmiş, həmişə yeganə məqsədi vətəninə xidmət etmək, ölkəsini firavan, xalqını isə xoşbəxt, təhsilli, öz sərvətlərinin əsl sahibi görmək olmuşdur. Heydər Əliyev  həmişə arzusunda olduğu  bir ölkəyə ömrünü həsr etmişdir. Bütün tarixi mərhələlərdə ümummilli liderimizin həyatının əsasını siyasi qərarlar, uzaqgörən strategiya, vətənə fədakar məhəbbəti səciyyələndirən vəzifələri təşkil etmişdir. Heydər Əliyevin yaradıcılıq və peşəkar tərcümeyi-halında dahi natiq, görkəmli dövlət və ictimai xadim, aydın və qətiyyətli, qarşıya qoyulan məqsədə nail olmağı bacaran bütöv bir yeni Azərbaycanı təcəssüm etdirdi. Həqiqətən də o, bütün dünya tarixində diplomatiya, mədəniyyət, təhsil və digər inkişaf edən sahələrdə parlaq və unudulmaz iz qoydu. Ümummilli liderimizin həyatındakı mərhələləri izlədikcə onun malik olduğu enerjiyə, həyat eşqinə, əzmkarlığına heyran olursan. Heydər Əliyevin parlaq və zəngin tərcümeyi-halı yalnız onun şəxsi həyatını deyil, həm də bütün respublikanın taleyini səciyyələndirən bir sıra mühüm mərhələli hadisələrlə əlamətdardır. Dünyaşöhrətli Liderimizin vətənə olan sevgisi onun Azərbaycan kimi bir ölkənin dövlətçiliyinin, müstəqilliyinin taleyinin həll olunduğu ən çətin dövrlərində hakimiyyət başında dayanmasına səbəb oldu.

Həyatımızın heç bir sahəsi görkəmli şəxsiyyətin yorulmaz diqqət və qayğısından, nəzarətindən kənarda qalmadı, onun fəaliyyət dairəsi həqiqətən sonsuz idi. Ümumbəşəri istedadlı şəxsiyyət kimi Heydər Əliyevin mənəvi və maddi həyatın müxtəlif sahələrini dərindən, yüksək peşəkarlıq səviyyəsində dərk etməsi ona bütövlükdə respublikanın sosial-mədəni inkişafını uğurla idarə etməyə imkan verdi.

Ulu öndərin davamçısı, xalqın Prezidenti İlham Əliyev bu gün ideologiya, təhsil, elm, iqtisadiyyat, incəsənət, hüquq, beynəlxalq münasibətlər və ictimai-siyasi sistemin digər sahələrində ölkəmizi tərəqqi yolu ilə inamla irəli aparır. O, yalnız dünya səviyyəli siyasətçi deyil, həm də, ən yüksək məhəbbətlə ölkəsini sevən vətənpərvər, milli maraqları nümayiş etdirən və ölkəsinin müdafiəsində böyük uğurlar əldə edən sərkərdədir. İlham Əliyev respublikamızın başına gətirilən bütün bəlalara baxmayaraq, Azərbaycan xalqının özünü tanıması, mənəviyyatını dərk etməsi və ölkəsinin çiçəklənməsi imkanlarını qələbə zəfərindən sonra daha geniş miqyasda əks etdirir. Onun hər zaman yaradıcı əzmi, qüdrəti, uzaqgörən siyasi qərarları sayəsində bu gün azad, demokratik, inkişaf edən cəmiyyətdə yaşayırıq. Heydər Əliyevin davamçısı, güclü şəxsiyyət və görkəmli siyasi xadim İlham Əliyev ulu öndərin irəli sürdüyü siyasi fəaliyyətin, milli dəyərlərin reallaşmasına  səbəb olan bir əvəzolunmaz nümayəndə oldu. O, dövlət siyasətinin hər bir sahəsində düşüncələri və hərəkətləri ilə dəyişməz qalaraq Azərbaycanda həyatın dinamikləşməsinə və onun keyfiyyətcə dəyişməsinə, gözəlləşməsinə töhfə verir. Onun diqqət mərkəzində ölkənin daxili və xarici siyasətinin əsas hadisələri və istiqamətləri dayanır, Azərbaycan Respublikasının, xalqının hüquqlarını hər vasitə ilə müdafiə edir. Belə ki, Heydər Əliyevin siyasi kursu Respublikamızın dövlət müstəqilliyinin, suverenliyinin əldə edilməsi mərhələsini, bununla bağlı çətinliklər və nailiyyətlər yeni cəmiyyət quruculuğunun ardıcıl və məqsədyönlü şəkildə yaradılmasına səbəb olan azadlıq və müstəqillik hisslərini oyatdı.

Bakı Slavyan Universiteti

Zərif Güləliyeva Qurban qızı