Hər bir xalqın, hər bir mədəniyyətin əsas göstəricisi onun dilidir. Dilin funksiyalarına nəzər salsaq, onun əhəmiyyətini daha aydın şəkildə sübut etmiş olarıq. Dil ilk öncə ünsiyyət fəaliyyətinin baş tutması üçün istifadə olunan birinci dərəcəli vahiddir. Dil vasitəsilə ünsiyyət qurulur, insanın cəmiyyətdə yeri müəyyən olunur. Qeyri-dil vasitələri ilə ünsiyyət müəyyən sərhədlər daxilində mümkündür, insanın özünü ifadə etməsi, məhz, onunla həyata keçirilir. Dil dünya mədəniyyətlərinin, xalqların ədəbi nümunələrinin və tarixinin dövrümüzə gəlib çatma vasitəsidir. Dünya mədəni-tarixi irsi ulu babalarımızdan bizlərə dilin varlığı hesabına ötürülmüşdür. Bir sözlə desək, dil olmadan bəşəriyyətin mövcudluğundan söz gedə bilməzdi, onsuz cəmiyyətin həyatı mümkün olmazdı. Dünya xalqlarının var olmasının başlıca səbəbi onların dildir, məhz, dil vasitəsilə xalqlar bir-birindən seçilir, məhz, dil vasitəsilə hər xalq öz mədəni irsini, keçmişini yeni nəsillərə ötürə bilir.
Xalq olaraq bunu demək çox şərəflidir ki, biz də Azərbaycan xalqı olaraq əsrlərdən bəri tarixi dəyişiklərə məruz qalsaq da, bütün tarixi sınaqlardan uğurla keçərək öz milli dilimizi qoruyub saxlaya bilmişik. Bugün xalq olaraq vahid dilimiz var, övladlarımıza ana dilimizi sevə-sevə öyrədirik. Xüsusi qürurverici bir hissdir ki, hal-hazırda 50 milyondan çox həmvətənlimiz ana dilmizin daşıyıcısıdır. Bu qüruru isə bizə yaşadan tarixi, dahi şəxsiyyətlər, Azərbaycançılıq naminə tarixin qəddar səhifələrinə sinə gərmiş böyük yazıçı və şairlərimiz, alim və siyasətçilərimiz, maarifçilərimizdir.
Dilimizin inkişafında, onun qorunub saxlanmasında ümumilli liderimiz Heydər Əliyevin rolu isə danılmaz və əvəzolunmazdır. Son dövr tariximizə nəzərə salsaq Azərbaycanın müstəqillik əldə edib azad, demokratik dövlət kimi öz mədəni-tarixi irsinə sahib çıxması dahi liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. İttifaq ölkələri siyahısından Azərbaycan adının çıxarılması, azad dövlətçilik ənənəsinin yaradılması, xalqın birliyə, inkişafa səslənməsi, xalqı xalq edən mədəni dəyərlərin qorunub saxlanması bizlərə onun əmanətidir.
Ulu öndərin sözü ilə desək: ” Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər”.
Müdrik rəhbər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri 2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiyası sessiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” deyərək məruzə ilə çıxış etməsi oldu. Heydər Əliyevin irəli sürdüyü bu tarixi addım Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmış və bununla da gələcək azad, müstəqil dövlətçiliyin milli rəmzlərindən biri olan dilimizin məharətlə qorunmasına nail olmuşdur. Ulu öndərin yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli azadlıq ruhunu yüksəltdi və onu milli özünəqayıdış, milli özünüdərk prosesinin yaradıcısına çevirdi. 1995-ci il okyabrın 31-də Azərbaycan Konstitusiyasının dövlət dili haqqında maddəsinin hazırlanıb qəbul edilməsi ilə bağlı keçirilən sessiyada, dövlət başçısı dilimizin qətiyyətlə Azərbaycan dili adlandırılmasına və Azərbaycan dilinə dövlət statusunun verilməsinə nail oldu. Artıq noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Dövlət dili kimi təsdiq olundu.
Bunun ardınca ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, müfəssəl proqramını özündə ehtiva edən tarixi qanunvericilik aktları imzalandı və həyata keçirildi. Bütün bunlar böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, uca vətəndaşlıq qeyrəti və nəhayət, ana dilinə olan əvəzsiz məhəbbəti sayəsində həyata keçirilmişdir. Unu öndərin ana dilinə olan məhəbbəti onun hər kəlməsində hiss olunur: “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm.”
Dillə bağlı əvəzsiz addımların nəticəsi olaraq, biz bugün Azərbaycan Respublikasında avqust ayının 1-ni, bünövrəsi 2001-ci ildə qoyulmuş, Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edirik.
Ana dilimiz ilə yanaşı müdrik siyasətçi Heydər Əliyev gəncləri yalnız ana dili ilə məhdudlaşmamağa, fərqli dillərə sahiblənməyə çağırırdı. Dünya mədəniyyətinə və elminə çıxış vasitəsi olaraq xarici dilləri öyrənməyin vacibliyini vurğulamışdı. Lakin mənimsədiyimiz dillərin siyahısı nə qədər uzun olursa-olsun, öz ana dilimizin qeydinə qalmalı, onu yaşatmalı, gələcək nəsillərə ötürməliyik.
Çox təəssüf hissi ilə bugün dilimizlə bağlı müəyyən əsaslı problemlərin varlığını dilə gətirərək, aradan qaldırılması üçün ümumxalq dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün hər birimiz bu xalqın bir fərdi olaraq öz öhdəmizə düşəni yerinə yetirməliyik. Daha çox ana dilimizin təbliği ilə məşğul olmalı, hər kəsi doğma ana dilində danışmağa cəlb etməliyik. Əcdadlarımızın bizə ötürdüyü milli dəyərlərimizin davamlı və əbədi olmasına təəssübkeş olmalıyıq.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.”
Bakı Slavyan Universiteti
Rüstəmli Aygün Mübariz