Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üçün strateji əhəmiyyətibackend

Bildiyimiz kimi, Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənabları cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında məruzə ilə çıxış etdi. Möhtərəm Prezident Avrasiya İqtisadi Birliyi ilə Azərbaycan arasında olan iqtisadi artımla yanaşı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətindən bəhs etdi.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan ölkənin neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi.  Dövlət orqanlarının düzgün şəkildə qərar qəbul etməsi nəticəsində son iki onillikdə ölkəyə milyardlarla birbaşa xarici investisiya cəlb olundu.  Nəticədə, Azərbaycan qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda ən sürətlə inkişaf edən inkişaf etməkdə olan ölkələrdən birinə çevrildi. Bütün dünyada neftin qiymətinin qalxmasına baxmayaraq, Azərbaycan hələ də əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır.  Əsrin müqaviləsi, ötən əsrin sonunda əsası qoyulmuş Cənub Qaz Dəhlizi, tez-tez “21-ci əsrin müqaviləsi” adlandırılan Şah-Dəniz layihəsinin ikinci mərhələsinin (TANAP və TAP boru kəmərləri) işlənib hazırlanması Azərbaycanın enerji layihələrində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirdi.  Yuxarıda qeyd olunmuş nailiyyətlər Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində əvəzolunmaz rola malik olmasına gətirib çıxarmışdır.  Buna baxmayaraq, belə irimiqyaslı layihələrdə iştirak Azərbaycanın bir sıra ciddi problemlərlə qarşılaşmasına səbəb olacaqdır. Ölkə rəsmiləri hansı nəqliyyat dəhlizinə daha çox üstünlük verməlidir? Azərbaycan Rusiya və İranla olan ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün Şimal-Cənub ticarət layihəsinə daha çox diqqət yetirməli, yoxsa “Yeni İpək Yolu” təşəbbüsü ilə Çinlə mövcud əlaqələrini gücləndirməlidirmi? Bütün bu suallara zaman cavab verəcək, bununla belə hökumətimizin uzunmüddətli perspektivi qərar qəbulu prosesində əhəmiyyətli mərhələ olacaq.

Dəhlizlə bağlı ilkin fikirlərin tarixi 1993-cü ilə gedib çıxır. Yalnız 2000-ci illərin sonlarında Hindistan, İran və Rusiya memorandum imzalamış və iki il sonra qəbul edilmişdir. Azərbaycan öz növbəsində 2005-ci ildə bu tarixi sazişin tərəflərindən birinə çevrilmişdir. Təşəbbüsün inkişaf tempinin sürətləndirilməsi cəhdlərinə baxmayaraq, qərbin tərəf dövlətlərdən olan İrana qarşı irəli sürdüyü sanksiyalar səbəbindən layihə on ildən bir az artıq müddətə təxirə salınmışdı. Qərbin öz fikrini dəyişməsi və İrana qarşı sanksiyaları dayandırması ilə layihənin həyata keçirilməsində canlanma müşahidə olundu.   Dəhlizin ümumi uzunluğunun 7,000 kilometrdən artıq olacağı nəzərdə tutulur ki, bunun da 30-50 faizi Rusiya torpaqlarından keçən marşrut xəttindən asılıdır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün həyati əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hal-hazırda mallar Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır.

Azərbaycan Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Hava limanında genişmiqyaslı yenidənqurma işləri aparmış və Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən genişmiqyaslı infrastruktur layihəsi qismində Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu istismara vermişdir.

Azərbaycanın hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşməsi zəifləmiş iqtisadiyyatın stabilliyinin güclənməsinə və davamlı investisiya axınına səbəb olur ki, bu da öz növbəsində ölkənin daha da çiçəklənməsinə zəmin yaradır. 2020-ci ilin sonuna kimi “Yeni İpək Yolunun” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınacaq konteynerlərin sayının təqribən 400.000 olacağı nəzərdə tutulur. Heç şübhəsiz, bu da təkcə tranzit rüsumlar hesabına külli miqdarda gəlirin əldə olunmasına gətirib çıxardacaq. Xəzər dənizinin ən böyük ticarət limanlarından birinə çevrilməkdə olan, yuxarıda qeyd olunmuş Ələt Dəniz Limanı ildə 15 milyon ton mal, eləcə də 100,00 konteyner qəbul etmək və göndərmək həcminə malik olacaq.  İki dəhliz arasında nəqliyyat qovşağına çevrilməklə Azərbaycan öz məhsullarını aşağı rüsumla Avropa və Asiya bazarlarına ixrac etmək, habelə qısa müddət ərzində “Köhnə Dünya” ölkələrindən əsas istehlak mallarını idxal etmək imkanı əldə edəcək.  Onilliklər boyunca əlçatmaz olan Avropa bazarları artıq uzaqda deyil. Bir sözlə, əhəmiyyətli nəqliyyat qovşağı rolunu həyata keçirmək məqsədilə yaradılmış müasir infrastruktur, telekommunikasiya, avtomobil yolu və dəmir yolu nəqliyyat şəbəkələri, eləcə də modernləşdirilmiş dəniz və hava limanları milli iqtisadiyyatı və ölkənin regionları arasında yerli məhsul mübadiləsini inkişaf etdirəcək.  Nəhayət Azərbaycan, iqtisadiyyatı diversifikasiya etmək və iqtisadiyyatın qeyri-neft-qaz sektorunu inkişaf etdirmək üçün uzun müddətdir ki, gözlənilən və heç şübhəsiz tarixi əhəmiyyətə malik olan imkan əldə edəcək.

 

MEHMAN MUSAYEV

Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,

AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi