Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan üçün önəmi ŞƏRHbackend

Çin heç şübhəsiz bəşəriyyətin bu vaxta kimi gördüyü ən böyük ticarət marşrutunu – Böyük İpək Yolunu bərpa etmək təşəbbüsünü irəli sürmüşdür. Bu, bir tərəfdən Azərbaycan üçün əlverişli imkan, digər tərəfdən isə böyük çağırışdır, belə ki, hal-hazırda layihənin reallaşması üçün bir sıra problemlər mövcuddur. Dəhlizin böyük bir hissəsi Qərblə qeyri-stabil münasibətləri olan Rusiya və Çin üçün (qeyd: Kerç boğazı hadisələrinə görə Qərbin Rusiyaya mənfi münasibəti və ABŞ-ın Çinlə iqtisadi müharibəsi) strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya dövlətləri olan Türkmənistan və Qazaxıstandan keçir. Hamıya məlumdur ki, Mərkəzi Asiyanın təbii sərvətləri özünün təbii qaz ehtiyaclarını təmin etmək üçün alternativ enerji marşrutları və ehtiyatları axtarışında olan Aİ üçün böyük maraq kəsb edir. Şərq-Qərb nəqliyyat dəhlizi Aİ və Amerika Birləşmiş Ştatlarının timsalında qərb ölkələrinə bu ehtiyatlardan istifadə imkanları verəcək və bu da öz növbəsində Mərkəzi Asiyada qüvvələr balansının dəyişməsinə səbəb olacaq. Şübhəsiz ki, Çin regionda hadisələrin belə inkişafını nəzərə almadan hərəkət etməyəcək.

Bundan əlavə, Rusiya və Çinin birlikdə qərbə qarşı mənfi münasibət bəslədiklərinə baxmayaraq, Çinin yeni supergüc və qərbə qarşı yeganə tarazlaşdırıcı qüvvə kimi güclənməsi ilə Rusiyanın Mərkəzi Asiyada malik olduğu status-kvo sual altında qalacaq. Rusiya post-sovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün bütün təsir vasitələrindən istifadə edir və aydındır ki, Çinin təşəbbüsü ilə nəhəng regional layihələrin işlənib hazırlanması onun bu məqsədinə xələl gətirə bilər. Şərq-Qərb nəqliyyat dəhlizinin gətirəcəyi böyük əməkdaşlıq imkanlarına baxmayaraq, yuxarıda qeyd edilən faktorlar bu layihənin gerçəkləşməsini çətinləşdirir, belə ki, rəqiblərin qarşısında təsir dairəsinin itirilməsi hal-hazırda gündəlikdə duran əsas məsələdir.

Digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın regiondakı mövqeyinin sabitliyi baxımından geosiyasi əhəmiyyət kəsb edir. Dost Rusiya ilə daha bir regional əhəmiyyətə malik layihənin gerçəkləşməsi qonşu Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına və müəyyən məsələlərdə iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə səbəb olacaq. Bir çox siyasi analitiklərin də qeyd etdiyi kimi, “Şimal-Cənub Layihəsi” Azərbaycan və Rusiya arasında güclənməkdə olan siyasi əlaqələrin aydın sübutudur.

Türkiyə və İran ilk növbədə dini müxtəliflik səbəbindən geosiyası rəqiblərdir. Suriya müharibəsi zamanı bir tərəfdən İran tərəfdarları olan şiələrlə digər tərəfdən Türkiyə tərəfdarları olan sünnilərin qarşıdurması bu rəqabətin aydın təzahürüdür. Bununla belə, Rusiyanın İran və Türkiyə ilə olan münasibətlərinin yaxşı səviyyədə olmasını nəzərə alarsaq, bu dəhlizin inkişafı İran və Türkiyəni barışdırmaq üçün Azərbaycan və Rusiyaya əlverişli imkan verir. Bütün bunlardan sonra dörd dövlət arasında regional alyans yaratmaq çox çətindir, lakin regionun iki əsas güc dövləti arasında barışıq əldə etmək mümkündür. Azərbaycan Rusiya ilə birlikdə regional qüvvələrin barışmasına müvəffəq olarsa gələcək layihələrin maneəsiz şəkildə işlənib hazırlanmasına nail olmaq mümkündür.

Uzun illər boyunca Azərbaycan qonşu Ermənistanı öz qoşunlarını Azərbaycandan çəkməkdən imtina etməsinə görə regional layihələrdən müvəffəqiyyətlə təcrid etməyi bacarmışdır, müzakirə olunan layihə istisna təşkil etmir. Bundan əlavə, bir üstünlük diqqətdən kənarda qalır. Azərbaycan, İran və Rusiya arasında layihə çərçivəsində əldə olunan üçtərəfli əməkdaşlıq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqeyini möhkəmləndirəcək. İyirmi ildən artıqdır ki, Moskva-İran-Tehran əməkdaşlığı davam etməkdədir, buna baxmayaraq, Şimal-Cənub layihəsinin reallaşdırılması ilə Bakı-Moskva-İran üçlüyünü formalaşdırmaq mümkün olacaq ki, bu zaman Ermənistan rəsmiləri Rusiya və İran ilə əməkdaşlıqdan əhəmiyyətli dərəcədə uzaqlaşdırılacaqlar. Həqiqətən də əsas regional layihələrdə fəal iştirak Azərbaycanın Rusiya və İran da daxil olmaqla demək olar bütün qonşu dövlətlər üçün cəlbedici ticari tərəfdaş olduğunu nümayiş etdirir.

Son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmişdir. Azərbaycan böyük beynəlxalq layihələrin – Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni əsrarəngiz bir səhifə açmağa hazırdır. Heç şübhəsiz, hər iki layihə qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək. Bununla belə, enerjinin mərkəzləşməsi və diqqətin Şimal-Cənub layihəsinə yönəldilməsi daha əlverişlidir. Faktiki olaraq Azərbaycan regionda əsas aparıcı qüvvə deyil, ən azından indilik, və Rusiyanın dəstəyi Azərbaycan üçün zəruridir. Şərq-Qərb dəhlizinin uğurla reallaşdırılması Rusiyanın Qafqazda və Mərkəzi Asiyada malik olduğu status-kvo üçün təhlükədir. Beləliklə Çinin təşəbbüsünün tam şəkildə təsdiqi Azərbaycanla Rusiya arasında soyuqluqla nəticələnə bilər ki, bu da hal-hazırda siyasi hadisələrin lüzumsuz yöndə inkişafı deməkdir. Digər tərəfdən, Şimal-Cənub layihəsi Azərbaycan üçün böyük siyasi əhəmiyyətə malikdir. Özünü əhəmiyyətli regional tərəfdaş kimi sübut etməsindən əlavə, Rusiya və İranla üçtərəfli əlaqələrin yaxşılaşdırılması artmaqda olan iqtisadi potensialın siyasi təsir dairəsinin güclənməsinə gətirib çıxardığının bariz nümunəsidir. Ən önəmlisi isə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan rəsmilərinə Dağlıq-Qarabağ regionu ilə bağlı arzuolunan razılıq əldə etmək üçün əlverişli üstünlük vermək potensialına malikdir. Bir sözlə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana yaxın gələcəkdə daha geniş iqtisadi və siyasi imkanlar verə bilər.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini