“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilibbackend

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində 2026-cı il üzrə Fəaliyyət Planı təsdiq edilib.

Fəaliyyət Planına əsasən, cari il üzrə əsas prioritet istiqamət “Verilənlərin etibarlılığı və analitik yetkinliyin artırılması” mərhələsini əhatə edir. Bu mərhələnin əsas məqsədi Cəmiyyətdə verilənlərə əsaslanan idarəetmə modelinin (Data-Driven Management) sistemli şəkildə formalaşdırılması və qərarvermə proseslərində analitik yanaşmanın institusional səviyyədə tətbiqinin genişləndirilməsidir. Həyata keçiriləcək tədbirlər çərçivəsində müxtəlif informasiya sistemlərində formalaşan əməliyyat, texniki və maliyyə məlumatlarının vahid arxitektura əsasında inteqrasiyası, mərkəzləşdirilmiş verilənlər platformasının formalaşdırılması və məlumat axınlarının vahid verilənlər anbarında (Data Warehouse) konsolidasiyası, eləcə də kibertəhlükəsizlik istiqamətləri üzrə fəaliyyət nəzərdə tutulur.

Eyni zamanda, formalaşdırılacaq vahid verilənlər infrastrukturu gələcək  mərhələlərdə proqnozlaşdırıcı analitika, intellektual modelləşdirmə və avtomatlaşdırılmış qərar dəstəyi sistemlərinin tətbiqi üçün əsas texnoloji zəmin rolunu oynayacaq. Yol Xəritəsinin strateji hədəflərindən biri kimi 2028-ci ildən etibarən Cəmiyyətdə Süni İntellekt (Sİ) əsaslı texnologiyaların mərhələli tətbiqinə başlanılması planlaşdırılır.

Qeyd edək ki, “AzerGold” istehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsini həyata keçirir. Sənəd Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın tələblərinə uyğun hazırlanıb.