AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında anlaşma memorandumu imzalandıbackend

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında anlaşma memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və mərkəzin direktoru Rəşad Xanlarov imzalayıb. Sənədə əsasən, tərəflər müxtəlif ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığının təşkili, AzTU-nun mütəxəssislərinin mərkəzdə tədris prosesinə cəlb edilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək. İmzalanmadan sonra mərkəzin rəhbərliyi AzTU-nun müxtəlif laboratoriyalarının və kitabxanasının fəaliyyəti ilə tanış olub, Milli Qəhrəmanlar muzeyini ziyarət edib. Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM-də 9 ixtisas üzrə tədris aparılır. Mərkəz 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Cari ildən mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər ali məktəblərdə təhsil almaq imkanı əldə edir.

İctimai.az