Noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.
İctimai.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd olunub ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.
İlk ixrac qatarının yola salınması mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı, Çinin Sian Çanba Beynəlxalq Limanının İdarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.
Qeyd edək ki, yola salınmış “Bakı-Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, ixrac yüklərinin müntəzəm olaraq Çinə göndərilməsi ADY ilə yanaşı, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də yükdaşıma və yükaşırma həcm və gəlirlərinin artımı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq dövlət-özəl tərəfdaşlığının bariz nümunəsi olaraq Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əsas operatorlarının səmərəli və koordinasiyalı şəkildə birgə çalışmalarının göstəricisidir.
Belə ki, sözügedən ixrac məhsulları daha öncə Gürcüstanın Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxırdısa, hazırda bu əməliyyatlara paralel olaraq ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycanın öz liman və imkanlarından istifadə edərək yeni logistik həllərin yaradılması ilə bu prosesi birbaşa həyata keçirəcəklər.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1 000-ə çatdırılması planlaşdırıldılır.