Bəşəri cinayətə-ekoloji terrora son qoyulmalıdırbackend

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası bir neçə gündür ki, davam edir. Əlbəttə ki, bu etiraz aksiyası qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir. Etirazçıların tələbi Azərbaycanın suveren ərazisində təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, monitorinq qrupunun, ekoloqların həmin ərazilərdə öz işlərinin davam etdirilməsinə şərait yaradılmasıdır. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən bu aksiyası təşkil olunub. Azərbaycan həmişə olduğu kimi sülhməramlı siyasətini davam etdirir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən olan insanlar aksiyaya qoşulur. Təbii ki, fəallar general-mayor Andrey Volkovun aksiya yerinə gəlməsini tələb edirlər. İstənilən bir vəziyyətdə bir yumruq olaraq birləşməyi bacaran xalqımız bu gün də bu birliyi nümayiş etdirir. “Qızılbulaq” qızıl yatağına və “Dəmirli” mis-molibden yatağına buraxılmayanadək, eləcə də qeyri-qanuni istismarla bağlı bu və ya digər tələblər yerinə yetirilməyənə qədər bu aksiya davam edəcəkdir. Etirazçılar Azərbaycanın ekoloji qanunvericiliyinin normalarına müvafiq olaraq, ekoloji vəziyyətin ədalətli şəkildə qiymətləndirilməsini israrlı olaraq tələb edir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan tərəfindən ekoloji soyqırımı törədilib. İşğal altında olmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə dəymişdir. Ekoloji terror aktları törədərək, meşələri yandıraraq, öz hərbi məqsədləri üçün bundan istifadə etmişdir. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Bu gün Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovun aksiya iştirakçıları ilə görüşməsi vacib olsa da hələ də o, danışıqlara gəlməyib.

Rəsmi İrəvanın qərəzli iddialarına gəlincə bildirək ki,  bu,  əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtan xarakterli olduğundan bu heç bir həqiqəti əks etdirmir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması və s. məsələləri üzrə işçi qrup yaradılıb. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq, monitorinqin keçirilməsinə maneçilik törədilib. Ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı təkcə Azərbaycan üçün yox, region üçün də böyük ekoloji fəlakətə səbəb ola bilər.

Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır.

Əlbəttə ki, 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Ermənistan üçtərəfli Bəyanatı kobudcasına pozaraq, Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilir. Cinayətin qarşısı mütləq alınmalıdır. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

Bu gün Azərbaycan fəallarının keçirdiyi etiraz aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki, inteqrasiya olunmayıb. Erməni yalan və uydurmaları müasir dünyamızda artıq qəbulolunmazdır. Bugünki Azərbaycan ötən əsrin 90-cı illərində olduğu dövlət deyil. Güclü iqtiasadiyyatı, modern ordusu olan, dünyada söz sahibi olan beynəlxalq aləmə inteqrasiya olan bir dövlətdir. Beynəlxalq tribunalardan Azərbaycanın haqq səsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dünyaya çatdırılır. Bu gün regionda yeni reallıqlar yaratmış Azərbaycanın mövqeyi, sülhsevər siyasəti ilə  dünya ölkələri hesablaşır. Odur ki, regionda söz sahibi olan Azərbaycan haqsızlığa, ədalətin pozulmasına heç vəchlə imkan verməz. Xalq və iqtidar birliyi sarsılmazlığı istənilən bir vəziyyətdə özünü büruzə verir.

Aslan MEHDIYEV, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri