Beynəlxalq qurumlar buna adekvat münasibət bildirməlidir – QHT sədribackend
“Hər bir beynəlxalq təşkilatın əsas məqsədi birmənalı olaraq həqiqəti müdafiə etmək olmalıdır. Amma son dövrlər bəzi beynəlxalq təşkilatlar bu prizmadan yanaşma nümayiş etdirmirlər. Mütəmadi olaraq Azərbaycan dövlətinə, Azərbaycan dövlətçilik ənənələrinə qarşı fərdi mövqelərindən çıxış edirlər”.
İctimai.az xəbər verir ki, bunu İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, bəzi təşkilat təmsilçiləri sosial şəbəkələrdə öz şəxsi profillərində Azərbaycan dövlət rəmzlərinə qarşı sayğısızlıq edirlər:
“Düşünürəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Əgər hər hansı bir beynəlxalq təşkilat nümayəndəsi Azərbaycana qarşı təhqir işlədibsə, həmin şəxs dərhal təşkilat tərəfindən cəzalandırılmalıdırlar.
Bizim torpaqlarımız 30 ildir işğal altında idi və biz bu məsələ ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin illərdir Azərbaycana qarşı ikili standarlarla yanaşıblar. Biz bu ikili standartlara qarşı bu gün də mübarizə aparırıq”.
C.Hüseynzadə vurğulayıb ki, beynəlxalq təşkilatlar beynəlxalq hüquq tərəfindən, haqq-ədalət tərəfindən çıxış etməlidirlər: “Bu gün də QHT-lərimiz buraya yığışmaqla tələb edirlər ki, Azərbaycanın haqlı mövqeyinə dəstək verilsin və beynəlxalq qurumlar bu cür əməkdaşlarına qarşı müəyyən addımlar atsınlar”.
Toplantının moderatoru, Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri Ramil İsgəndərli qeyd edib ki, BMT-nin rolunu, dəstəyini, ölkəmizdə həyata keçirdiyi layihələrin verdiyi töhfəni danmaq mümkün deyil: “Amma BMT-nin erməni əsilli əməkdaşları azərbaycanlılara qarşı nifrət zəminində təbliğat aparır və bu da bizim haqlı narazılığımıza səbəb olur. BMT-nin Makedoniyada ölkə üzrə rezident əlaqələndiricisi Armen Qriqoryan Azərbaycana və Türkiyətə qarşı düşünülmüş nifrət kampaniyası aparır: “O, yeganə erməni deyil. Onlar statuslarından istifadə edirlər. Bu da haqlı olaraq bizdə narazılıq doğurur. Biz bəyanatda belələrinin cəzalandırılmasını və mandatlarının əlindən alınması məsələsini qaldırmışıq”.