Biləsuvarda sel təhlükəsi aradan qalxdıbackend

Mayın 31-də saat 02:00 radələrində İran ərazisindən 50 kubmetr/san sürətlə böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.

Bolqarçay çayında baş verə biləcək sel təhlükəsi ilə bağlı çay üzərində yerləşən 45 təsərrüfatda 260 nəfər əhalinin yaşadığı Amankənd kəndinin bir hissəsinin, 164 təsərrüfatda 953 nəfər əhalinin yaşadığı Yuxarı Ağalı kəndinin, 82 təsərrüfatda 477 nəfər əhalinin yaşadığı Muğan kəndinin əhalisi təxliyə olunub.

Çay üzərindəki Biləsuvar şəhərinin 95 təsərrüfatda 410 nəfər əhalisinin, Bəydili kəndinin 120 təsərrüfatda 810 nəfər əhalisinin və 1 ədəd baramaçılıq təsərrüfatının, Xırmandalı kəndinin 100 təsərrüfatda 610 nəfər əhalisinin və ərazidə olan 15 fermanın təhlükəsizliyini təmin etmək məqsədilə köçmələri barədə xəbərdarlıq edilib.

Axşam saatlarında sel sularının qarşısının alınması məqsədilə suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib. Qabaqlayıcı tədbirlərin görülməsi sel daşqınının yaranması riskinin qarşısını alıb.

Səhər saatlarında suyun səviyyəsi normal vəziyyətə düşüb, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb. Hazırda əhali öz evlərinə qayıtmağa başlayıb.