“Böyük Qayıdış” Gənclər Təşkilatının təqdimat mərasimi keçirilibbackend

28 dekabr 2020-ci il tarixində “Böyük Qayıdış” Gənclər Təşkilatının təqdimat mərasimi keçirilib. Onlayn formatda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İctimai.az xəbər verir ki, təqdimatda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, Təşkilatın İdarə Heyətinin üzvü, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev və digər Vətən müharibəsi qaziləri, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov, gənclər təşkilatlarının rəhbərləri və 400-dən çox gənc iştirakı edib.

Qeyd edək ki, yaradılan təşkilatın məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.