BŞİH paytaxt sakinlərinə müraciət etdibackend

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) paytaxt sakinlərinə müraciətində deyilir.

Qeyd olunur ki, iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırıb, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, – müraciətdə vurğulanır.