“Bu, həm də Rusiya Azərbaycan münasibətlərinin ruhuna ziddir” – Şahin İsmayılovbackend

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfəri ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında  bildirib ki, onun Qarabağa qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə ünvanladığı məktub bütövlükdə Azərbaycan xalqının və dövlətinin vahid mövqeyidir. Rusiyanın hakim partiyasının Dövlət Dumasında təmsil olunan deputatının Azərbaycanın ərazisinə qanunsuz səfər etməsinin birbaşa təmsil etdiyi dövlətin mövqeyinə zidd olduğunu deyən Ş.İsmayılov onu da qeyd edib ki, Milonov 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata imza atan tərəflərdən birinin Rusiya dövləti olduğunu unutmamalıydı. Çünki Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu sənəddə bütün məsələlər açıq şəkildə öz əksini tapıb: “Cənab Prezidentimiz bununla həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki fəaliyyəti ilə bağlı da mövqe ortaya qoydu. Sülhməramlılar öz fəaliyyətlərini beynəlxalq hüquq çərçivəsində, müəyyənləşmiş qaydalar əsasında, o cümlədən üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq tənzimlənməlidirlər. Hər hansı bir dövlətin nümayəndəsinin, hazırkı situasiyada Rusiya Dövlət Dumasının üzvünün Azərbaycan torpaqlarına qanunsuz səfəri yolverilməzdir. Bu, həm də Rusiya Azərbaycan münasibətlərinin ruhuna ziddir”.

Ölkə Prezidentinin məktubunu, eyni zamanda, bir mesaj adlandıran YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, bu bir daha onu göstərir ki, Azərbaycan hər zamankı prinsipial mövqeyindən geri çəkilməyib və çəkilməyəcək. “Əvvəlki dövrlərdə də Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər olmuşdu və dövlətimiz bu məsələlərə kəskin şəkildə etirazını bildirmişdi. Hazırkı məsələdə isə dövlət başçısı tərəfindən münasibət ortaya qoyuldu. Fikrimcə, bu açıq bir mesajdır və nəticəsini də yaxın gələcəkdə görəcəyik. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman müzakirə mövzusu olmayıb və olmayacaq da. Qarabağ münaqişəsi artıq tarixdə qalıb, ərazi bütövlüyümüz bərpa edilib”, – deyən Ş.İsmayılov onu da bildirib ki, bu səfər sülh prosesinin gedişinə də mənfi təsir göstərir. Millət vəkilinin fikrincə, “Vahid Rusiya” partiyası yaxın zamanda bununla bağlı mövqe ortaya qoymalı, deputat olan üzvünün hərəkətinə müvafiq qiyməti verməlidir.