“Bu işlə məşğul olan təşkilatçılar passiv oturmamalıdır” – Tural Ələkbərovbackend
Yaxın günlərdə “CASPIAN AWARDS” 2020 mükafatlandırılma mərasimi keçirildi. “Caspian Events Group” tərəfindən təşkil olunan bu dəfəki mərasim fərqli şəkildə qeyd edildi. Mükafatlar öz sahiblərinə tək-tək, müxtəlif günlərdə və saatlarda təqdim edildi. Verilən mükafatlar, təşəkkürnamələr bu çətin pandemiya günlərində insanlar üçün sanki böyük bir dəstək, stimul oldu. 
Təşkilatçı Tural Ələkbərov mükafatlandırılma ilə bağlı AMVPRESS.AZ-ın  suallarını cavablandırdı:
Pandemiyadan əvvəl keçirilməsi nəzərdə tutulan mükafatlandırılma mərasimi neçə dəfə təxirə salındı?
Pandemiya yayılmağa başladıqdan sonra tədbirlərin vaxtını təxminən 3-4 dəfə dəyişmək məcburiyyətində qaldıq. Daha sonra bunu bütün dünyada da keçirilən onlayn, yəni fərdi çəkiliş şəklində təqdim etmək qərarına gəldik.
Mükafatlandırılma mərasiminin necə təşkil olunması ilə bağlı məlumat verə bilərsinizmi?
Mükafatlandırılma mərasimlərinin təşkilində daha çox dünya təcrübəsindən istifadə edirik. Hazırda şirkətimiz “Caspian Events Group” müəyyən araşdırmalar aparır. İctimaiyyətə maraqlı olan sahələr, şirkətlər barədə müəyyən sorğular hazırlayırıq. Həmin sorğuda  həm onlayn, həm də əyani şəkildə təxminən 10 minə yaxın insan iştirak edir. Sorğunun nəticələrinə uyğun olaraq, mükafatları təqdim edirik. Bəzən eyni sahədən 2-3 nəfər mükafat alır. Bu da təbii ki, sorğunun nəticələrinə uyğun olur. Tədbirin keçirilməsində müəyyən sponsorlar da cəlb edirik ki, həmin şirkətlərə özəl mükafatlar təqdim olunur. Bəzən insanlar qarışdırır ki, mükafatlar pulla verilir və s. Bu belə deyil. Mükafatlar minimum 5-10 min insanın sorğusu əsasında təqdim olunur. Kiməsə özəl mükafat təqdim olunursa, bu sponsorluq mükafatıdır. Bir növ təşəkkürnamə hesab olunur.
Bu kimi görüşlərə, mükafatlandırılmalara fasilə verilməsinin sektora hansı təsirləri var? 
Bizim sektor özəl sektor hesab olunur. Əlbəttə, bəzən işçilərin qonorarlarının verilməsində çətinlik çəkdik. Amma pandemiya dövründə əməkdaşlarımız dövlət dəstəyindən yararlana bildi.
Pandemiya dövründə mükafatların fərdi şəkildə paylanılmasının nə kimi xeyri var?
Biz bu yaxınlarda “CASPIAN AWARDS” 2020 mükafatını təqdim etdik. Mükafatların verilməsi pandemiya və sosial izolyasiya qaydalarına uyğun şəkildə həyata keçirildi. Müəyyən günlərdə, fərqli saatlarda həmin insanları dəvət edib, şəkillərini, videolarını çəkdik. Hətta, özüm belə bu nəticəni gözləmirdim. İnsanların sosial mediyasında,  həyatında müəyyən bir işıqlanma, yenilik gördük. Bu dəqiqə istər dövlətimiz, istərsə də müəyyən qurumlar olsun, insanlara daha çox psixoloji dəstək yönəldir. Verdiyimiz mükafat insanların psixologiyasına, işinə, pandemiya ilə mübarizə ruhuna müsbət təsir etdi. Düşünürəm ki, bu işlə məşğul olan təşkilatçılar passiv oturmamalıdır. Mükafatlar pandemiya qaydalarını pozmadan, tək-tək, lazım olarsa insanların iş yerlərinə, şirkətlərinə, ofislərinə yaxınlaşıb təqdim edilməlidir. Bu insanların həm ruhuna, həm də psixologiyasına çox təsir edir. Düzdür, dövlətimiz şirkətlərə, sahibkarlara yardım edir, amma bizim də verdiyimiz kiçik bir mükafat, təşəkkürnamə onlar üçün böyük ruh yüksəkliyi yaradır. Biz birlikdə güclüyük. İnanıram ki, bu virusa da birlikdə də qalib gələcəyik.
Qarşıda yenə hansı tədbirlərin təşkilini nəzərdə tutursunuz?
Bu yaxınlarda “Türkiyə Gənclik Ödülləri” lisenziyasını əldə etmişik. Onu Azərbaycanda təşkil etməyi planlaşdırırıq. Eyni zamanda, layihəni təşkil etməklə qardaş ölkə ilə aramızdakı iş birliklərimizi daha da gücləndirmiş olacağıq. Əgər pandemiya dövrü uzanarsa, insanlara mükafatlarını fərdi şəkildə təqdim edəcəyik. Sonda, bizim işlərimizə dəstək olan, AMV Şirkətlər Qrupuna çox təşəkkür edirəm. Onlar da bu çətin zamanda istər bizdən, istərsə də digər yaxın olan şirkətlərdən öz dəstəklərini əsirgəmədilər. Lazım olduqda onlayn şəkildə fəaliyyət göstərdilər, yanımızda oldular.
İctimai.az