Deputat: Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədirbackend

“Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə həm indiyə qədər əldə olunan nəticələrin, həm də, perspektivlərin qiymətləndirilməsi baxımıdan çox əhəmiyyətli oldu. Belə ki, Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət ölkəmizin son dövrlərdə içtimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi nailiyyətləri ölkə rəhbərinin dilindən eşitmiş oldular”.
Bu sözləriaçıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı 44 gün ərzində güc vasitəsilə həll etdi: “Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

Bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Bu bizə inamın və nüfuzumuzun göstəricisidir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə, həm də müharibədən sonrakı dövr Azərbaycanla həmrəy olmuşdur”.

Deputat sözlərinə belə davam edib: “İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə də dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə – Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Lakin heç bir nəticə göstərməmişlər-nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə çox yaxşı məlumdur.

Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Bu Münaqişə bir dəfəlik həll olunub.

Müşavirədə, cənab Prezidentin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və ərazi iddiasından əl çəkir. Bu onun göstəricisidir ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.

Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.

30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.

Bu gün həmçinin 3+3 əməkdaşlıq formatının işə düşməsi də sevindirici haldır. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, post-münaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Ermənistanın inkişafı da onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını çoxdan itirmişlər və gələcəkdə bunu bərpa etmək üçün onlara-Ermənistana böyük bir şans düşüb. Bu gün onlar bu şansdan doğru yararlansalar, gələcəkdə dost ölkələr və müstəqillik əldə edə bilərlər”.