Deputat Əziz Ələkbərli növbəti dəfə Saatlıda seçicilərlə görüşdübackend

Milli Məclisin deputatı Əziz Ələkbərli növbəti dəfə seçicilərlə görüşmək üçün Saatlı rayonunda olmuşdur.

“Yeni Gündəm” xəbər verir ki, deputatın bu dəfəki səfərində əsas məqsəd seçicilərdən aldığı şikayət ərizələrini yerində araşdırmaq olmuşdur. Bu ərizələr sırasında əlillik almaq üçün etdikləri müraciətlərə imtina cavabı almış əlillərin, onların qəyyumlarının çoxsaylı müraciətləri xüsusilə deputatın diqqət mərkəzində olmuşdur.

Deputat seçiciləri ilə ilk görüşünü respublikada elan olunmuş karantin rejiminin tələblərinə əməl olunmaqla Saatlı rayonunun Heydər Əliyev Mərkəzində keçirmişdir.
Seçicilərin qəbulunda Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, deputatın Saatlı rayonundan olan köməkçisi Samir Nəsirov da iştirak etmiş, vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirilmiş, bəzi problemlər yerindəcə həll olunmuş, bəziləri nəzarətə götürülmüşdür.

Həmin gün Milli Məclisin deputatı Əziz Ələkbərli rayonun bir sıra kəndlərində də seçicilərlə görüşlər keçirmişdir. Şirinbəyli kəndində seçicilərlə görüşdən sonra deputat Qədirin bağı kimi tanınan ərazidə ağacların kəsilməsi barədəki məlumatın dəqiqliyini aydınlaşdırmaq üçün Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevlə və nümayəndələrlə birgə həmin əraziyə baxış keçirmişdir.

Seçicilərlə növbəti görüş rayonun Mir Cəlal kəndində olmuşdur. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfəli Ağayevin iştirakı ilə vətəndaşlarla açıq havada keçirilən görüşdə kəndin ümumi, vətəndaşların şəxsi problemləri dinlənilmişdir.

Deputatın seçicilərlə növbəti görüşü Ahıska türklərinin sıx yaşadığı Nəsimi (keçmiş Adıgün) kəndində olmuşdur. Seçicilər kəndin içməli su və suvarma suyu probleminin bu il təsərrüfatlara böyük ziyan vurduğunu xüsusi qeyd etmişlər. Birgə müzakirələr zamanı vəziyyətdən mümkün çıxış yolları araşdırılmışdır.

Deputatın seçicilərlə rayon mərkəzində və kəndlərdə görüşləri növbəti gün də davam etdirilmişdir. Həmi gün deputat Əziz Ələkbərli Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının qərargahında, rayon Gənclər Mərkəzindəki deputat otağında seçiciləri qəbul etmişdir.

Daha sonra deputat rayonun Çolpu, Nabatkənd və Orta Muğan kəndlərində olmuş, seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. Seçicilərin tələb və təklifləri dinlənilmiş, onların həlli üçün çalışılacağına söz verilmişdir.

Həmin gün deputat Əziz Ələkbərli Saatlı rayon Mərkəzi Kitabxanasında olmuş, kollektivlə görüşmüş, bu il nəşr olunmuş elmi və bədii ədəbiyyat nümunələrindən ibarət kitab dəstlərini kitabxanaya hədiyyə etmişdir.