Deputat: Türkiyə hər bir uğurunda Azərbaycanı yanında görmək istəyirbackend

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışındakı çıxışı yerli sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasında yüksək zirvəyə çatmış münasibətlər inkişaf etməkdə davam edir.

“Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına hər iki dövlət liderlərinin rolu misildizdir. Vurğulamaq lazımdır ki, Azərbaycan hər bir uğurunda Türkiyəni, Türkiyə isə hər bir uğurunda Azərbaycanı yanında görmək istəyir. Hər iki ölkədə əhəmiyyətli layihələr baş tutanda bu ölkə rəhbərləri həmin tədbirlərdə iştirak edirlər.

Misal üçün, 2021-ci il 26 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirak etməsi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə hava limanının açılışında iştirak etməsi bir daha onu göstərir ki, hər iki qardaş ölkənin əhəmiyyətli layihələrdə də bir-birinin yanında olması kimi gözəl bir tendensiya yaranıb”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə cəlb olunan şirkətlər içərisində də ən çox yer alan məhz Türkiyə şirkətləridir.

“Hava limanını inşa edən Türkiyə şirkəti də Qarabağda bərpa işlərində iştirak edən şirkətlərdən biridir. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə xalqı azad edilmiş ərazilərin çiçəklənən diyara çevrilməsində öz töhfəsini əzmlə yerinə yetirir. Türkiyə ilə Azərbaycan arasında bu yüksək münasibətlər hər iki ölkənin inkişafına töhfə verməklə yanaşı, türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, hətta mən deyərdim ki, bir lokomotiv rolu oynayacaq”, – deyə deputat əlavə edib.

S.Hüseynova qeyd edib ki, dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir.