Azərbaycan-Litva münasibətləri: yüksələn inkişafa doğrubackend

Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Bu münasibətlər qarşılıqlı əməkdaşlığa, dostluğa əsaslanır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş. Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri bu əlaqələrini yüksələn xətlə inkişafına əsaslanır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub. Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edir və Litva ilə Azərbaycan strateji tərəfdaşdırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış edərkən Cənab İlham Əliyevin bildirdiyi kimi, aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir: “Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir”.
Xatırlatmaq yerinə düşər ki, 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur.
Səfər çərçivəsində bir çox məsələlər müzakirə olunub. “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq”, – deyə dövlət başçısı vurğulayıb. Dövlətlərarası ikitərəfli görüşlər çərçivəsində iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif tərəfləri müzakirə olunub. Əlbəttə ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Litva münasibətlərinin inkişafında yeni bir stimul yaratmışdır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan sülhsevər dövlət olaraq hər zaman sülhün, təhlükəzliyin təminatçısı olaraq çıxış edir. “Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik” – deyən Cənab Prezident bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var: “Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”.
İnkişaf və tərəqqi yolunda inamla irəliləyən Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə davam edir. Qətiyyətli, prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında bu fikir bir daha diqqətə çəkib: “İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”.
Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə edilib. “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır”, – deyən Cənab Prezident bildirib ki, Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır: “Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır”.
Mövcud münasibətlər ölkələr arasında bir çox sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olacaqdır. Bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini