Deputat: “Xarıbülbül” festivalının ardınca “Vaqif Poeziya Günlərini”nin keçirilməsi mədəniyyətimizin Şuşaya qayıtmasını özündə simvolizə edirbackend

Prezident və Birinci xanımın Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri, Füzuli Beynəlxalq Hava Limanında görülən işlər, Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlər ilə tanış olması, eyni zamanda “Qarabağ” hotelinin, Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışını etməsi, bununla yanaşı “Otel və Konfrans Mərkəzi”nin təməlini qoyması, Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olması, Vaqif Poeziya Günlərinin açılışında iştirak etməsi, xüsusilə Şuşa şəhərinin baş planının onlara təqdim olunması kimi hadisələrin hər biri şanlı tariximizin elementlərindəndir. İnsanlarımız və milli mənəvi dəyərlərimizin böyük qayıdışı üçün görülən işlərin hər biri xalqımız tərəfindən böyük qurur hissi ilə izlənilir.

İctimai.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Ş. İsmayılov qeyd edib ki, 39 il əvvəl Ulu öndərin təşəbbüsü ilə ucaldılan Molla Pənah Vaqifin məqbərəsi illər sonra məhz onun adını daşıyan Heydər Əliyev Fondu tərəfindən bərpa edildi: “Hansı ki, bu məqbərə tariximizin əks etdirilməsi üçün Ulu Öndərin iradəsi və qətiyyəti sayəsində ucaldılmışdır. Bu özlüyündə böyük bir dərin mənanı ehtiva edir. Biz Heydər Əliyev irsini öyrənib yaşatmaqla tarixi ədaləti bərpa etdik. “Xarıbülbül” festivalının ardınca “Vaqif Poeziya Günlərini”nin keçirilməsi mədəniyyətimizin Şuşaya qayıtmasını özündə simvolizə edir. Bu torpaqların əsl sahibləri özləri ilə tarix və mədəniyyətini gətirir. Cənab Prezident Şuşada olarkən daha bir tarixi hadisənin anonsunu verdi: Gələn il Şuşanın 270-ci ildönümü təntənəli şəkildə qeyd ediləcək. İndi Qarabağın dirçəldilməsi istiqamətində görülən hər bir iş tarixi hadisədir. Xalqımız təqvimdə yer alan bu günləri fərəhlə yaşayır”.