Vaqif poeziyasının işığındabackend

Cari ilin 30 avqust tarixində Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış etmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər nəticəsində Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri, otuz illik işğaldan sonra, düşmən işğalından azad edildi. Ilk olaraq Şuşanın bərpası məsələsi gündəmə gətirildi. Görüləsi işlərdən biri də erməni vandallarının dağıtdığı Vaqifin mıəqbərəsinin bərpası idi.

Görkəmli siyasi xadim və mütəfəkkir M.P.Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını hələ 39 il əvvəl Ulu Öndər Heydər Əliyev vermişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvar ayında, qarlı və şaxtalı bir havada Şuşa şəhərində həmin məqbərənin açılışı olmuşdur. Sovetlərin vaxtında Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi olmuşdur və uzun illər idi ki, ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, onlar dəqiq bilirdilər ki, bu iddianın heç bir tarixi və mədəni əsası yoxdur.

Məlumdur ki, M. P. Vaqif təkcə şair yox, həm də Qarabağ xanının vəziri idi. Kommunist ideologiyasına görə xanlıqlar tarixin qara ləkəsi hesab edilirdi. Lakin Ulu Öndər bütün çətinlikləri və riskləri göz önünə alaraq, bu məqbərəni ucaltmış və Şuşanın tarixən bir Azərbaycan şəhəri olduğunu gündəmə gətirmişdir. Daha sonra isə Şuşada Vaqif poeziya günləri və “Xarıbülbül” musiqi festifalları keçirilmişdir. Işğalla bağlı olaraq bu tədbirlərə də son qoyulmuşdur.

Erməni vəhşiləri tərəfindən dağıdılan Vaqifin məqbərəsinin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Məqbərənin bərpası başa çatdıqdan sonra Vaqif Poeziya Günləri də bərpa olundu. “Xarıbülbül” festivalının keçirilməsi isə Heydər Əliyev Fondu tərəfindən hələ may ayından bərpa olunmuşdur.

Məhz avqust ayının 30-da keçirilən Vaqif Poeziya günləri Ulu Öndərin başladığı ənənənin yenidən bərpası idi. Tarix təkrar olunurdu. 39 il sonra Ulu Öndərlə eyni yaşda olan siyasi varisi İlham Əliyev məqbərənin bərpadan sonra açılışını həyata keçirtdi. Azərbaycan ziyalılarının, şair və yazıçılarının, incəsənət xadimlərinin iştirakı ilə keçilən bu tədbir həm qələbənin təzahürü, həm Şuşa şəhərinin Azərbaycana məxsus tarixi bir şəhər olduğunun sübutu idi.

Məlumdur ki, Şuşa şəhərinin bərpa işlərinə yanvar ayının 14-də başlanıldı və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə çəkilməkdə olan Zəfər yolu, azad olunmuş torpaqlara həyatın qaytarılması və inkişafının rəmzinə çevrildi. Bundan başqa, tunellər daxil olmaqla, Fizuli şəhərinndən Şuşaya yeni magistral yol çəkilir. Qısa müddət ərzində, buraya Fizulidən yüksəkgərginlikli elektrik xətləri çəkilməklə, Şuşanın elektrik təsərrüfatı bərpa edildi və yeni  yarımstansiya tikildi. Şuşaya, iki mənbədən su çəkilməklə, şəhərə suyun verilməsi də bərpa edildi.

Eyni zamanda, Şuşanın tarixi abidələrinin bərpasına da start verildi. Artıq üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı işlər davam etdirilir. Bu məscidlərin təmirini də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa olunmuş və artıq həmin bulağda su daimi olaraq axır. “Xarıbülbül” hoteli istifadəyə verilmiş və bu ilin may-iyun aylarında ilk qonaqlarını qəbul etmişdir.

Şuşaya əvvəlki zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirilmiş və mərkəzi meydanda qoyulmuşdur. Vaqifin məqbərəsi və büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu və dağıdılmış evinin bərpası ilə bağlı işlərin başlanmasına göstəriş verilmişdir. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

Bununla bərabər Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün kifayət qədər yerlər olacaqdır. Psevdo “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün  inşa edilməsi  nəzərdə tutulan binanın yerində beşulduzlu hotel inşa olunacaqdır. 2020 nəfərin yaşaması üçün nəzərdə tutulan Yeni yaşayış kompleksinin Cənab Prezident tərəfindən təməli qoyuldu.

Cənab Prezident öz çıxışında bildirmişdir ki, “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi”.

Eyni zamanda, Müzəffər Ali Baş Komandan Vaqif Poeziya günlərinin iştirakçılaerına 30 ilə yaxın davam edən danışıqlar prosesi haqqında öz fikirlərini bildirmişdir. Belə ki, danışıqlar heç bir nəticə vermədiyi üçün Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etmək məcburiyyətində qaldı. Çünki bizi  bu vəziyyətlə barışdırmaq, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etmək istəyirdilər. Biz müharibə varintını seçməklə, 44 gün ərzində mənfur düşməni məğlub edib, ərazi bütöblüyümüzü bərpa etdik.

Artıq bərpa işlərinin sürətini artırmışıq. Şuşalılar tədricən Şuşaya qayıdırlar. Şuşanın baş planı hazırdır. Həmin planın əsasında birinci mərhələdə üç, dörd və beşmərtəbəli 25 yaşayış binalarının inşası nəzərdə tutulmuşdur. Həmçinin əsl şuşalılar qruplar halında Şuşaya gətirilir və şəhərdə gedən bərpa və quruculuq işləri ilə tanış olurlar. Yeni açılmış obyektlərdə ilk növbədə şuşalılar işlə təmin edilirlər. Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı kimi festivallar, poeziya günləri və mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir və bu proses davamlı olacaqdır.

Şuşa həm də strateji cəhətdən mühüm əhımiyyət kəsb edir. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır və Qarabağın tacıdır. Şuşanın işğal olunması Laçının, Kəlbəcərin və digər rayonların da işğal olunmasına səbəb oldu. Şuşa hərbi cəhətdən də çox strateji mövqeyə malikdir. Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı və bu şərəfli tarixi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Şuşa azaddır və əbədi olaraq da azad  qalacaqdır.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri