Dövlətin və xalqin taleyində dönüş – Milli Qurtuluş Günü ŞƏRHbackend

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, onu böyük bəladan, dəhşətli fəlakətdən qurtaran Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan mənim nəfəsim, həyatımdır. Doğma vətənim Azərbaycana bağlıyam. Əlbəttə ki, Dahi Şəxsiyyətin böyüklüyü sözü ilə əməlinin birliyində idi. Düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz rolu vardır. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb. Vətənə olan tükənməz sevgisi, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb dövrə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi milli dövlətçiliyimizi ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. AXC-Müsavat cütlüyünün səriştəsizliyi öz ağır nəticəsini göstərirdi. Həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi.
Ulu Öndərin Qayıdışı Azərbaycanı tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxararaq gələcəyə inamla baxan dövlətə çevrildi. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Qardaş qırğını səviyyəsinə qalxmış qarşıdurmanı dayandıraraq ölkəni sabit inkişaf və tərəqqi yoluna çıxardı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Ulu Öndər Heydər Əliyev nəinki ölkə daxilində qarşıdurmanı dayandırdı, həmçinin Ermənistanın işğalçı siyasətinin qarşısını alaraq atəşkəsə nail oldu. Bu isə Azərbaycana gərgin vəziyyətdən çıxmağa və sivil inkişaf yolu ilə addımlamağa imkan yaratmış oldu.
1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.
1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açıb. Bu yataqların mənimsənilməsi və Avropaya nəqli üçün bir çoxlarının xəyal adlandırdığı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasına başlanıb və bu layihələr qısa müddətdə həyata keçirilib.
Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. 2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə səbəb olub. Dövlət başçısının rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır.
Xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan Ulu Öndər Heydər Əliyevin varisi Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplanaraq 30 ilə yaxın Ermənistan tərəfindən işğalda olan torpaqlarımız azad edildi. Münaqişənin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız yenidən qurulur və böyük canlanma müşahidə olunur.

Əvəz Qocayev,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini