DTX-nin dövlət orqanında keçirdiyi əməliyyatın TƏFƏRRÜATIbackend

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsində keçirdiyi əməliyyat barədə açıqlama verib.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir:

“Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan qaldırılması Dövlət Xidmətinin fəaliyyətində prioritet hesab edilir.

ƏMDX korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.

Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.

Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsini, hal-hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqandan gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda ƏMDX tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur”.

Qeyd edək ki, ötən gün DTX-nin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsində əməliyyat keçirildiyi barədə məlumat yayılıb.