Dünya siyasətinin müdrik nümunəsi – Sərdar Yusifoğlu yazırbackend

Sərdar Yusifoğlu: “Hər bir vətəndaş Azərbaycanın dirçəlişinə, çiçəklənməsinə, yüksək səviyyədə inkişafına görə Heydər Əliyevə borcludur”

Uzun sürən mücadilədən sonra 1991-ci ildə Azərbaycan öz müstəqilliyin elan etdi. 1993-cü ildə dövlətimizin qurulmasının üstündən cəmi 2 il ötmüşdü. Kifayət qədər problemlər – Qarabağ münaqişəsi, işsizlik, dövrün tələblərinə cavab verən kadır qıtlığı, düşmənlərin hər tərəfdən hücumu, büdcə kəsiri, iqtisadi, siyasi, mədəni sahədə natamamlıq və ən əsası vətəndaşların gələcəyinə ümidinin tükənməsi… Bütün bunlar azmış kimi bir də ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsi…

Başıpozuq liderciklər ölkəmizin bir yerində öz hakimiyyətini qurmağa başlamışdı. Terror təşkilatları at oynadır, torpaqlarımız işğal olunduğu vaxt Bakıda hakimiyyət mübarizəsi gedir, döyüşməli olan “komandir”lər qiyamçı sərkərdə kimi hakimiyyət davasında iştirak edir, yüz minlərlə vətəndaş öz yurdundan didərgin düşürdü. Eyni vaxtda Qərbi Azərbaycandan gələn qaçqınların problemləri…

Çıxılmaz kimi görünən bütün problemləri həll edəcək bir şəxsiyyət vardı – ulu öndər Heydər Əliyev. Məhz, bunu çox yaxşı anladığı üçün xalqımız Heydər Əliyevə etimad göstərdi. Hamılıqla ümummilli liderin ətrafında birləşən Azərbaycan xalqı yanılmadı.

Qısa zaman ərzində müharibə və xaos içində olan ölkəni sabit bir dövlətə çevirən ümummilli lider gələcəyi inşa etməyə başladı. 1995-ci ildə artıq savaş bitmişdi, əsrin müqaviləsi imzalanmış və neftimiz dünya bazarına çıxmış, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi, siyasi, mədəni islahatlar həyata keçirilmiş, hüquqi dövlət quruculuğu işi Konstitusiyamızın qəbul olunması ilə təmin edilmişdi.

Növbəti addımlarında ulu öndər Azərbaycanın inkişaf strategiyasını formalaşdırdı. Gənclərə verilən dəstək, sivil dünyaya inteqrasiya, güclü iqtisadi sistemin yaradılması qısa müddətə gedilən yol oldu. Cəmi beş il sonra Azərbaycan Avropa Şurasının üzvü, islam dövlətləri üçün örnək olacaq tolerant ölkə, enerji təhlükəsizliyində mühüm tərəfdaş, intellektual gənclərin dəstəkləndiyi model, Türkiyənin tərəqqisində rol oynayan qardaş, insan hüquq və azadlıqlarına əhəmiyyət verən güclü dövlətə çevirilmişdi. Hüseyn Cavidə olan sevgisi ilə ziyalılara qayğısını göstərən Ulu öndər məhz onların görmək istədiyi Azərbaycanı inşa etdi. Hər bir vətənpərvər ziyalımız təhsilə üstünlük verən, Avropa dəyərlərinin bərqərar olduğu, çağdaş, vətəndaşları güclü müstəqil dövlət arzusunda idi. Məhz Heydər Əliyev siyasəti sayəsində ziyalılarımız arzularına çatmış oldu.

Biz gənclər yaxşı bilirik ki, bu qədər böyük uğurları qazanmaq üçün sadəcə millətini sevən dahi olmalısan. Ulu öndərin vətəninə bağlılığı, müdirikliyi və zəkası hesabına bugünkü güclü Azərbaycan mövcuddur. Buna görə də tarix boyu hər bir azərbaycanlı dövlətinin varlığına görə ümummilli liderə borclu olacaq. Necə ki, bugünkü gənclik mənəvi dünyasının liderinə – ulu öndər Heydər Əliyevə sevgisini və ehtiramını hər fürsətdə dilə gətirir.

Rəhbəri olduğum “Gəncliyin Elimi-Mədəni İnkişafı” İctimai Birliyi yarandığı gündən ümummilli liderin şəxsiyyətini özünə nümunə seçib, yolunu buna uyğun formalaşdırıb, bu siyasətin ölkəmizdə dövlət səviyyəsində davam etdirilməsinin nəticəsidir qazandığımız bütün uğurlarımız.

Heydər Əliyev yolunun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev kadr islahatları zamanı çağdaş təfəkkürlü, innovativ yenilikləri ölkəmizə gətirəcək məmurlara üstünlük verməsi və komandasını gəncləşdirməsi müdrik siyasi xəttin davamıdır. Bizlər bir çox hallarda bu siyasətə mane olmaq istəyənlərin varlığını görmüşük. Həm də onu görürük ki, bütün sabotajlar, qarayaxma kampaniyaları iradəli siyasətin qarşısında aciz olur. Bəli, məhz dövlət başçısının iradəli siyasətinin nəticəsində intibah yaşayırıq. Məhz buna görədir xalq-dövlət həmrəyliyi də, vətəndaş-rəhbər birliyi də!

Nə xoşbəxtik ki, Qarabağ zəfərin şahidi və iştrakçısı olduq. Həm də onun şahidi olduq ki, Prezidentimiz bu zəfərdən sonra yenidənqurma işində gənc kadrlara etimad göstərdiyini bəyan etdi. Dövlətimizin başçısı yeni Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirini təyin edərkən çıxışında dilə gətirdiyi tezislərlə gələcək Azərbaycanın elmə üstünlük verən çağdaş əsaslarla formalaşdırma siyasətinin davamlı olacağını təsdiqləmiş oldu.

Aydın, uğurlu və müqəddəs işdə məsuliyyətimizi dərk edir, dövlətimizə dəstək verməyi bundan sonra da davam etdirməyi özümüzə borc bilirik.

Bütöv, qüdrətli, təhlükəsiz, demokratik, multirkultural, müstəqil Azərbaycan üçün sonsuzadək Sizə minnətdarıq, əziz ümummili liderimiz Heydər Əliyev!

Ruhunuz qarşısında baş əyir, sayğılarımı bildirirəm.

İctimai.az