“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən “Yaşıl Gələcək” layihəsi keçirilib!backend

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Yaşıl Gələcək” layihəsi həyata keçirilib.

Layihənin əsas məqsədi ekoloji məsələlər haqqında gəncləri və yeniyetmələri, eləcə də ictimayyəti maarifləndirmək və onlarda ətraf mühitin qorunması mövzusunda fərqindəlik yaratmaqdır.

Layihə çərçivəsində 15-26 yaş arası gənclərə və yeniyetmələrə ekoloji maarifləndirmə təlimləri keçirilib. Təlimlər çərçivəsində iştirakçılar ekoloji problemləri anlamaq, davamlı inkişaf və təbii resursların qorunması mövzularında bilik və bacarıqlar əldə ediblər. Təlimlərdə tullantıların düzgün idarə olunması və təkrar emalın əhəmiyyəti, iqlim dəyişikliyinin təsirləri haqında məlumatlar verilib və davamlı inkişaf layihələrinin əhəmiyyəti müzakirə olunub. Həmçinin təlim iştirakçılarına bu il ölkəmizdə keçiriləcək COP29 və onun ətraf mühitin qorunmasında oynadığı rol haqqında ətraflı məlumat verilib.

“Yaşıl Gələcək” layihəsi çərçivəsində həmçinin ekoloji məzmunlu sosial videoçarx hazırlanıb. Sosial çarxın hazırlanmasında məqsəd ictimaiyyətin diqqətini günümüzün ekoloji problemlərinə yönəltmək və bu mövzuda həssas yanaşmağa çağırış etməkdir.
Layihə ümumilikdə 100 iştirakçını bir araya gətirib və təlimlərin sonunda gənclərə fəal iştirakları ilə bağlı sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, EcoHub “Daha yaxşı ətraf mühit, Daha yaxşı gələcək” şüarı ilə ekoloji dayanıqlılığa nail olmağı hədəfləyən, eko-məsuliyyət hissini aşılayan, qablaşdırma tullantılarının dövri iqtisadiyyata cəlbini stimullaşdıran həllər təklif edən, sudan səmərəli istifadəsini təşviq edən və bütün maraqlı tərəfləri bu məqsədlərə nail olmaq üçün birləşdirməyi hədəfləyən bir platforma olaraq, ölkənin davamlı inkişaf hədəflərinə nail olmaq və əhalinin ekoloji məsələlərə dair maarifləndirilməsi məqsədilə müxtəlif layihələrini davam eletdirir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsinin qalibidir.