Ələt Azad İqtisadi Zonasıbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimdə iştirak etmiş və Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir.

Bildirmişdir ki, bu zonanın ümumi sahəsi 850 hektardır. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və artıq sürətli inşaat işləriaparılır. Lazımi infrastrukturun yaradılması üçün zəruri addımlar atılır.

Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaqdır.

Bildiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir çox vacib layihələr icra olunub və icra olunur.

Dünyada pandemiyanın  yaratdığı iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. O cümlədən, Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Belə ki, layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla bərabər, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rol oynayacaqdır.

Bu zonanın yaradılması ideyasının təməlində dövlətin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər durur. Adətən qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət və nisbətən daha az yerli şirkətlərin sərmayəsi olur. Çünki xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymaqda maraqlıdırlar. Azad iqtisadi zonada yaradılacaq infrastruktur sərmayədarlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcəkdir

Adətən Azad iqtisadi zona yaradılarkən həmin ərazilərin açıq dənizə çıxış imkanları nəzərdən keçirilir.  Azərbaycanın yerləşdiyi ərazi coğrafi cəhətdən bizi bu imkandan məhrum edir. Ona görə, bu coğrafi vəziyyət nəzərə alınaraq daha da səmərəli işləmək və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etmək tələb olunurdu. İlk növbədə, Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalandı. 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarını, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi  bir qanundur.

Zonanın yaradılması üçün ələtin seçilməsinin bir neçə səbəbi vardır. Birincisi, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Ikincisi, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. Üçüncüsü, infrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlərmövcuddur. Belə ki, Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaqdır. Dördüncüsü, Beynəlxalq Dəniz Limanı burada yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Beşincisi, Şərq-Qərb dəhlizi və Şimal-Cənub dəhlizi Ələt ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt seçilmişdir.

Azərbaycandakı mövcud iqtisadi vəziyyət sərmayə qoyuluşu üçün çox əlverişlidir. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılmışdır. Potensial investorlar Dünya Bankının “Doing Business” hesabatına və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, Azərbaycan Davos Forumunun hesabatında elektrik təchizatı sahəsində dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci və avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci və Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerləri tutur.

 

Sərmayədarları cəlb edən digər mühüm bir səbəb təhlükəsizlik mühitidir. Azərbaycan dünyanın ən təhlükəsiz və siyasi sabitlik cəhətdən ən dayanıqlı ölkələrindən biridir. Ölkəmizdə mədəniyyətlərarası dialoq və dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Eyni zamnda xarici investorlar bilir ki, Azərbaycan Prezidentinin sözü ilə əməli heç vaxt fərqlənməmişdir, yəni, sözünün ağasıdır. Belə ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib.

Azərbaycan investorları cəlb etmək üçün bütün imkanlardan yararlanacaqdır. Bir ildən sonra Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə hazır olacaqdır. Inşallah bu zonanın yaradılması ölkəmizin növbəti uğurlu addımı kimi tarixə düşəcəkdir.

Zaur Abbasov,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci