Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətibackend

Məlum olduğu kimi, 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində imzalanmış Bəyannaməyə görə,

Türkiyə Respublikasının Şuşa şəhərində açılcaq baş konduluğu bu bölgə üçün yeni imkanlar yaradacaqdır.

Belə ki, Şuşaya qayıdacaq şuşalılar, ətraf rayonların sakinləri və Qarabağda yaşayacaq ermənilər həmin konsulluğun xidmətin yararlanacaqlar. Eyni zamanda, Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi, iqtisadi, ideoloji, humanitar və hərbi əməkdaşlıq sahəsində davamlı əlaqələri təmin edəcəkdir.

Şuşa Bəyannaməsi Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaratmaqla bərabər, inteqrasiya prosesləri üçün hüquqi və mənəvi zəmin də yaradacaqdır.  Ermənistanda siyasi vəziyyət sabit deyil, çünki erməniklər bütün siyasi oyunları qarabağ erməniləri üzərində qururlar.

Artıq Ermənistanda və dünya erməni diasporası içərisində xüsusi hörmət olan olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır və bu siyahının uzanacağına inanırıq.

Məlum olduğu kimi,  2021-ci il iyunun 8-də ABŞ Senatının xarici əlaqələr komitəsində Prezident Baydenin 2022-ci maliyyə ili ilə bağlı dinləmələri zamanı bir neçə senator, xüsusilə də Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycana “yaşıl işıq” yandırmaqda günahlandırdı, erməni əsirlərin qanunsuz saxlanıldığını bildirdi. Senatorlar Brəd Şerman (demokrat-Kaliforniya) və Barbara Li (demokrat-Kaliforniya) də 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb etdilər. Dövlət katibi Əntoni Blinken suala hazır idi və “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA – Armenian National Committee of America) icraçı direktoru Aram Hamparyan vəd edirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək.”

Həmçinin ötən ayın 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Hər iki halda ən güclü diasporası ilə fərqlənən ermənilər pərişan oldular.

Bölgəmizdə yeni geosiyasi mənzərə formalaşır. Belə ki, NATO Türkiyənin timsalında regiona daxil olmaq üzrədir. Bu isə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının Qərb dövlətləri tərəfindən tədricən azaldılması deməkdir. Son zamanlar Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə nəticələnib. Qarabağda sülhməramlı statusunda olan rus ordusu Rusiya üçün əlavə xərc və siyasi avantüra deməkdir.

Sülh müqaviləsinin bağlanması Ermənistanın siyasi və iqtisadi xilası olacaqdır, əks təqdirdə ermənilər dövlətçiliyini itirmək təhlükəsi ilə barışmalı olacaqlar. Çünki azərbaycanın iqtisadi imkanları böyükdür və qarabağı tamamilə bərpa etmək qüdrətindədir.

Bu Bəyannamə həm də ötən əsrdə – 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə hər iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin məntiqi davamıdır. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verəcəldir.

Ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstək əvəzolunmazdır. Həmçinin sülhün bərqərar olunmasında Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Şuşa Bəyannaməsinə görə, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Habelə tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə bərabər, gələcəkdə ikitərəfli əməkdaşlığı daha da  dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Ümumilikdə Şuşa Bəyannaməsi iki ölkə arasında yeni yol xəritəsinin çərçivələrini müəyyən etmiş və tərəflər arasında olan qardaşlıq münasibətlərini yeni keyfiyyət müstəvisinə keçirmişdir.

Nərimanov rayonun fəal gənci Teymur Mustafayev