Əlvida, məktəb! – Bu məzunlar üçün də “Son Zəng” çalındıbackend

Orta məktəblərdə “Son zəng” tədbirləri keçirilir. On minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır. Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir.

Biz də bu dəfə ilboyu bizi mədəni tədbirlər barədə xəbərdar edən, mətbuat nümayəndələri ilə mütəmadi şəkildə çalışan, onların bütün suallarını yorulmadan, usanmadan cavablandıran mədəniyyət ocaqlarımızın mətbuat katiblərindən məktəb illəri və “Son zəng” xatirələrini xəbər aldıq.

Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri “Son zəng”in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-cilər tənəffüs üçün dəhlizə yox,  müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar. İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbdə “Son zəng” çalındı.

Tədbirdə iştirak edən məzunlar, müəllimlər, məktəb direktoru əlamətdar günü bir yerdə qeyd etdilər. Məzunlar həyəcanlı olmaqla bərabər, gözlərində kədər işartlıları da sezilirdi. İllər əvvəl məktəb dəhlizlərində ora-bura qaçan kiçik uşaqlar indi buradan ayrılır, çətin, keşməkeşli həyatın qoynuna atılırlar. Məzunlarla eyni hissləri bölüşənlərdən biri də məktəbin direktoru Zenfira Şıxaliyevadır. Məzunların çoxu sevinsə də, kövrələnlər, ağlayanlar, həyatlarındakı bu ilk kiçik fasilədən çaşqın qalanlar da var. Çünki on bir ildə onlara qucaq açan, bilik verən, ən xoşbəxt, ən kədərli günlərinə şahidlik edən təhsil ocağından, müəllimlərindən, sinif yoldaşlarından ayrılırlar. Qarşıda daha böyük imtahanlar, daha çətin və müstəqil həyat gözləyir. Bir sözlə, bu gün məzunlar üçün sevinclə kədərin bir-birinə qarışdığı gündür.