Finlandiya xarici işlər naziri Elina Valtonen ABŞ rəsmilərini Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərini “NATO-nun 5-ci maddəsinə bənzər” kimi təsvir etməməyə çağırıb. Bu barədə Avropa nəşri olan “Politico” ABŞ Dövlət Departamentinin teleqramına istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Valtonen 19 yanvarda ABŞ Nümayəndələr Palatasının üzvləri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib.
Valtonen hesab edirdi ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini NATO-nun 5-ci maddəsi ilə müqayisə etmək “alyansın əsasını təşkil edən qarşılıqlı müdafiə prinsipini sarsıda bilər”.
“O, xəbərdarlıq edib ki, bu, 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətlərinin Ukraynaya verilən hər hansı ikitərəfli vədlərlə qarışdırılmasına səbəb ola bilər. Teleqramda həmçinin onun NATO ilə Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri arasında “qoruyucu baryer” yaratmağa ehtiyac olduğunu dediyi də sitat gətirilir”, – “Politico” yazır.















