Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə könüllülərin qeydiyyat mərhələsinə start verdi.
BŞH-dən bildiriblər ki, Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi yarışın təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır. Seçim mərhələsini uğurla başa vurmuş könüllülər müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.
BŞH Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülər üçün təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib: “Bildiyiniz kimi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində “BCC Akademiya” fəaliyyət göstərir. Hər il olduğu kimi bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Təlimlərin məqsədi gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına töhfə verməkdir”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də təşkil olunacaq.