Füzuli rayonunda üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, baş verən hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
“Hadisə iyunun 24-ü, saat 20:55-də Füzuli rayonu 6 saylı Qayıdış qəsəbəsi ərazisində baş verib. Yal Pirəhmədli kənd sakini 1986-cı il təvəllüdlü Ceyhun Vaqif oğlu Qurbanovun idarə etdiyi “Mercedes-Benz” markalı, 19-BJ-135 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Elçin Fail oğlu Mirzəyevin idarə etdiyi “Opel” markalı və qəsəbə sakini 1998-ci il təvəllüdlü Bəndalı Aftandil oğlu Qəmbərovun idarə etdiyi 99-VO-438 dövlət nömrə nişanlı və KIA markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində C.Qurbanov, onun sərnişini olan qardaşı 1990-cı il təvəllüdlü Nicat və “Opel” markalı avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Elçin Tahir oğlu Süleymanov hadisə yerində həyatlarını itiriblər.
Bəndalı Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli RMX-yə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.