Gələcəyimizin təəssübkeşi – Heydər Əliyevbackend

1993-cü ildə Azərbaycan xalqının ən çətin dönəmində ona arxa çıxan, millətin təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər söyləmişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Həqiqətən də, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.

Ölkənin, xalqın hərtərəfli rifahını daim düşünən, Azərbaycanın çiçəklənməsi və inkişafını prioritet məsələ hesab edən görkəmli dövlət xadimi, Ümummili lider Heydər Əliyev 30 il öncə çox mühüm siyasi addım ataraq Yeni Azərbaycan Partiyasını qurdu və o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etdi.

Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir.

Xalqa sədaqətlə xidmət edərək onun bütün sahələrini yüksəklərə qaldıran Ulu Öndər Azərbaycan təhsilinin inkişafını, çiçəkləməsini, dünya təhsil sisteminə inteqrasiyasını ön plana çəkmiş, təhsil sahəsində aparılan islahatlar daim yenilənmiş və təhsilin beynəlxalq əlaqələri genişlənərək dünya təhsil sistemində inteqrasiyası intensivləşmişdir. Ümummilli liderimiz təhsilin insan şəxsiyyətinin formalaşmasında xüsusi rolunu yüksək dəyərləndirərək, çıxışlarının birində söyləmişdir: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

Böyük Öndər daim vurğulayırdı ki, hər bir ölkənin intellektual, mədəni, istər elmi, siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi ilə ölçülür. Odur ki, dahi lider gənclərin təhsilinə, tərbiyəsinə, ictimai-siyasi baxışlarının saflığına diqqət yetirir, onların bu istiqamətdə inkişafına geniş şərait yaradırdı. Ümummilli lider Heydər Əliyevin minlərlə azərbaycanlı gənci respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir.

Ümummilli liderin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmiş, insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına hər zaman xüsusi diqqət mərkəzində saxlanılmışdır. Təhsil hüququ 1995-ci il ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur.

Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti illər boyu formalaşıb, inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. Heydər Əliyev milli müstəqillik siyasətində milli iftixar hissinə, onun gənclərdə tərbiyə edilməsinə çalışmış, gənc nəslə xalqımızın milli-mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşmağı, bu dəyərlərin qorunmasını, inkişafını və gələcək nəsillərə ötürülməsini aşılayırdı. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”. Azərbaycan xalqının tarixən sahib olduğu milli-mənəvi ənənələrinin hər bir müstəvidə qorunması Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən olmuşdur.

Hazırda Ümummili liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi atdığı hər bir addım Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə, iqtisadi problemlərinin həll olunmasına, hər bir insanın yaxşı yaşamasına, Azərbaycanın azad çiçəklənməsinə xidmət edir. Bunun bariz nümunəsi müdrik Ali Baş Komandanımızın atdığı düzgün siyasi addım, 30 illik həsrətimizə son qoyan Azərbaycanın tarixi və əzəli torpaqlarına qovuşması, 44 günlük müharibədə Zəfər qələbəmizin Şuşa torpaqlarından gələn ən xoş avaz idi.

Bakı Slavyan Universiteti

Cəfərova Səbinə Namiq qızı