Yeni Azərbaycan Partiyası 30 il dövlətçilik uğrundabackend

Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın – Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan həmin illərdə ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, ölkədə qeyri-sabitlik tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövr üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini, məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı “91-lər” Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara ünvanladığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Məhz bundan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

Güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsil zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Partiyamız qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. YAP ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atdı. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-nın nüfuzu davamlı olaraq artır. Ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də baş tutmuş VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradır.

Qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərən YAP-ın bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək. Heç şübhəsiz ki, yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcək.

Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə
Heyətinin sədr müavini