Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilibbackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində iştirakçılar bir sıra mədəni və tarixi məkanlara ekskursiya ediblər.

Layihə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Nizami Gəncəvi Muzeyi, Nizami Gəncəvi Məqbərəsi, Gəncə Dövlət Filarmoniyası, Cavadxan Türbəsi və Çökək Hamam kimi Gəncənin mədəni irsini əks etdirən obyektlərə ekskursiya təşkil ediblər.
Ekskursiya proqramı ilə yanaşı, layihə çərçivəsində gənc mədəniyyət işçiləri arasında şəbəkələşmə görüşləri də baş tutub. Görüşlər zamanı iştirakçılar mədəniyyət sahəsində təcrübə mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Göyüş Şəfizadə ekskursiya və şəbəkələşmə fəaliyyətlərinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu cür tədbirlər gənclərin dünyagörüşünü genişləndirir, onların həm peşəkar, həm də sosial bacarıqlarının inkişafına mühüm töhfə verir.

Təlimlər çərçivəsində keçirilən interaktiv oyunlarda qalib gələn layihə iştirakçısına təşkilatın sədri tərəfindən kitab hədiyyə edilmişdir.

Layihənin əsas məqsədi gənc mədəniyyət işçilərinin bilik və bacarıqlarını artırmaq, onların strateji planlaşdırma, idarəetmə və mədəni təşəbbüslərin həyata keçirilməsi sahəsində potensialını gücləndirməkdir.